CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı sakinlərinə daha bir xoş xəbər

Növbəti mərhələdə yol əsası inşa ediləcək və küçəyə 2 laydan ibarət asfalt-beton örtüyü döşənəcək
Sputnik

BAKI, 16 mart — Sputnik. Binəqədi rayonunda daha bir yol əsaslı şəkildə yenidən qurulur. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

O, bildirib ki, hazırda 1076 metr uzunluğa malik və Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunu Biləcəri-Binəqədi yolu ilə (4-cü qapı küç.) birləşdirən 4-cü döngə küçəsi təmir edilir.

"Sözügedən küçədə səth sularının axıdılması üçün nəzərdə tutulan sistemin olmaması, küçə boyu tikilən evlər səbəbindən yağış sularının axınının qarşısının kəsilməsi nəticəsində intensiv yağıntılar zamanı küçə su ilə dolurdu. Bu isə küçə boyu hərəkəti iflic edirdi, üstəlik yol örtüyünü və torpaq yatağını sıradan çıxarırdı. Küçə ilə normal hərəkətin təmin olunması və sadalanan problemlərin tam olaraq aradan qaldırılması məqsədi ilə Dövlət Agentliyi tərəfindən kompleks tədbirlərə start verildi" – deyə Nəcəfli bildirib.

Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunu Builəcəri-Binəqədi yolu ilə birləşdirən 4-cü döngə küçəsində yenidənqurma işləri

Nəcəflinin sözlərinə görə, yenidənqurma işləri çərçivəsində yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, əvəzinə 0.8-1 metr hündürlükdə yararlı qrunt tökülərək kipləşdirmə işləri aparılır və yeni yol yatağı inşa edilir. Bu işlərə paralel olaraq səth sularının kənarlaşdırılması üçün yeni yağış-kanalizasiya sistemi yaradılır, 400 mm diametrində borulardan istifadə edilərək 600 metr uzunluğunda yağış suları xətləri çəkilir, lazımi yerlərə yağış barmaqlıqları quraşdırılır. Bununla yağıntılar zamanı yaşanan problemlərin tam olaraq aradan qaldırılması hədəflənir.

Bundan başqa vətəndaşların yolu kənarı ilə rahat və təhlükəsiz şəraitdə hərəkətini təmin etmək məqsədi ilə yeni piyada səkiləri inşa edilir, kənarlarına 2 min paqon-metrdən çox səki daşları daşları düzülür, yolun hərəkət hissəsinə düşən işıq dirəkləri isə kənarlaşdırılır.

Növbəti mərhələdə yol əsası inşa ediləcək və küçəyə 2 laydan ibarət asfalt-beton örtüyü döşənəcək. Daha sonra zəruri yol nişanları quraşdırılmaqla və yolun üfüqi xətlənməsi işləri görülməklə küçə tam yeni və müasir görkəmdə istifadəyə veriləcək.