RUSİYA

Rusiya qalmaqallı iddianı təkzib etdi: Bizdə "Artsax" nümayəndəliyi yoxdur

Mariya Zaxarova: "Moskvada "Artsax Respublikası"nın heç bir nümayəndəliyi mövcud deyil"
Sputnik

BAKI, 15 mart — Sputnik. "Moskvada "Artsax Respublikası"nın heç bir nümayəndəliyi mövcud deyil. Bu sual necə yaranıb və kütləvi informasiya vasitələrinə necə düşüb?"

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə, Moskvada Azərbaycanın işğal olunmuş ərazilərində qurulan separatçı rejimin nümayəndəliyinin olduğu barədə suala cavabında bildirib.

Azərbaycan ABŞ-a nota verdi: Yolverilməz hərəkətinizə adekvat cavab verəcəyik

Zaxarovanın sözlərinə görə, qondarma "DQR"in nümayəndəsi olduğu qeyd edilən Albert Andriyan hazırda Ermənistan Respublikasınını Rusiyadakı səfirliyinin müşaviridir: "Hər halda o, Rusiyanın Xarici İşlər Nazirliyində məhz bu adla akkreditasiyadan keçib".

"Rusiya mövcud razılaşmalar çərçivəsində Qarabağ münaqişəsinin həlli ilə bağlı bütün öhdəliklərə sadiqdir və bu çox mürəkkəb məsələnin tam şəkildə nizamlanmasına fəal surətdə cəhd göstərir" — deyə Rusiya XİN-in rəsmisi bildirib.

Özünü qondarma "DQR"-in prezidenti adlandıran Bako Saakyanın ABŞ-a səfəri barədə suala cavab verən Zaxarova "bu sualın bizimlə əlaqəsi yoxdur" deyib. Zaxarova deyib ki, əgər söhbət Rusiyadan getmirsə, kiminsə bir regiondan digər regiona səfər etməsi barədə sualın ona ünvanlanması da qəribədir: "Əgər söhbət ABŞ-dan gedirsə, bu sualı da ABŞ-a ünvanlamaq lazımdır".

Qeyd edək ki, Dağlıq Qarabağ separatçılarının "prezident"i Bako Saakyan martın 14-də bir sıra tədbirlərdə iştirak etmək üçün ABŞ-a gedib.

Moskvada keçirilən tədbirdə Rusiya-Artsax Dostluq Cəmiyyətinin yaradılması haqqında məlumat verildiyi Zaxarovaya xatırladıldıqda isə, o deyib: "Rusiya-Artsax Dostluq Cəmiyyətinin yaradılmasını şərh etməyə ehtiyac görmürəm. Bu barədə mənə heç nə məlum deyil. Mən sadəcə dəqiqləşdirə bilərəm".

"Səfərin detalları da mənə məlum deyil. Rusiyada müxtəlif ictimai təşkilatlar fəaliyyət göstərir. Bizim üçün əsas olan odur ki, həmin təşkilatlar Rusiya qanunvericiliyinə zidd fəaliyyət göstərməsin" — xanım sözçü vurğulayıb.

Xatırladaq ki, bu il fevralın 22-də Moskvada "Azad Artsax 30 il" adlı dəyirmi masa keçirilib. Burada Albert Adriyan "Artsax Respublikasının Moskvadakı daimi nümayəndəsi" adı altında iştirak edib. O, tədbirdə Rusiya-Artsax Dostluq Cəmiyyətinin yaradılması haqqında məlumat verib.