BAKI, 15 mart — Sputnik. ABŞ prezidenti Donald Tramp, İngiltərənin baş naziri Tereza Mey, Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Emmanuel Makron, keçmiş rus kəşfiyyatçı Skripal və qızının İngiltərədə sinir qazı ilə zəhərlənməsindən sonra birgə açıqlama veriblər.
Sputnik Azərbaycan "Washington Post"-a istinadən xəbər verir ki, dörd ölkə rəhbəri hadisə ilə bağlı Rusiyanı günahlandırıb.
"Avropada İkinci Dünya Müharibəsindən bəri ilk dəfə sinir qazından istifadə edilib. Bu, İngiltərənin suverenliyinə hücumdur" – açıqlamada qeyd olunub.
Liderlər, sinir qazının kimyəvi silah olduğunu, Rusiyanın belə bir hərəkət eləməklə, Kimyəvi Silahlar haqqında Konvensiyanı pozduğunu iddia ediblər.
"İngiltərə Kəşfiyyat Orqanı işin arxasında Rusiyanın olduğunu açıqlayır. Bunun başqa alternativ məntiqi izahı da yoxdur" – deyə açıqlamada qeyd edilir.
Qeyd edək ki, Rusiya tərəfi bu ittihamları qətiyyətlə təkzib edərək, İngiltərədən olayla bağlı açıqlama və sübutlar tələb edib.