BAKI, 15 mart — Sputnik. Bakıda Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirlərinin birinci görüşü keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, görüşdə açılış nitqini Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov edib.
Nazir görüşün tarixi xarakter daşıdığını deyib: "Çünki ilk dəfədir ki, Bakıda 4 ölkənin XİN rəhbərləri səviyyəsində görüşü keçirilir. Biz mətbuata qapalı görüşlərimiz zamanı ölkələrarası siyasi, iqtisadi, ticari əlaqələri müzakirə etdik".
Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidze də görüşü yüksək dəyərləndirib: "Böyük layihələri həyata keçirmək üçün bizim çox güclü potensialımız var. Gələn görüş Tiflisdə olacaq. Hamınızı orada gözləyirik".
Öz növbəsində İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif görüşün əhəmiyyətini diqqətə çatdırıb: "Bölgədə davamlı sülh, stabillik üçün region ölkələrinin tez-tez bir araya gəlməsi mühümdür".
Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu da 4 ölkənin xalqları arasında dostluq əlaqələrinin olduğunu vurğulayıb: "Bu 4 ölkə bütün region dövlətlərinin ərazi bütövlüyünü dəstəkləyir. Həmçinin, ölkələrimizdən olan iş adamlarının qarşılıqlı sərmayə yatırımları artırılmalıdır. Xalqlarımız bir-birinə daha da qaynayıb-qarışmalıdır".
Nazirlərin çıxışından sonra Azərbaycan, Gürcüstan, İran və Türkiyə xarici işlər nazirlərinin Bakıda keçirilən ilk dördtərəfli görüşünün bəyannaməsi imzalanıb. Bəyannamədə enerji, turizm, ticarət sahələrində əhəmiyyətli maddələr yer alıb. XİN başçıları zirvənin regiona müsbət təsir göstərəcəyini vurğulayıblar.