BAKI, 15 mart — Sputnik. Rusiyalı ictimai fəallar Qazaxıstanda 25 il kölə olmuş kişini xilas ediblər.
Könüllülər rusiyalı Gennadi Petrov qohumlarının yanına, Rusiyanın Biysk şəhərinə qaytarıblar.
Məlumata görə, 67-69 yaşlı kişini Qazaxıstanın cənubundakı Şımkent şəhərində tapıblar. Kişi evsiz və sənədsiz olub.
Onun uzun müddət qazax aullarından birində yemək müqabilində qoyun otardığı ortaya çıxıb. 90-cı illərdə Gennadi pul qazanmaq üçün Qazaxıstana gedib və bundan sonra onunla əlaqə kəsilib. Kişi köləliyə necə düşdüyünü xatırlamır. O bir dəfə qaçmaq istəyərkən ağır cəzalandırılıb. Yalnız Gennadi işə yararsız olduqdan sonra azad edilib.