CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İki dahimizin yadigarı olan 80 yaşlı dramaturq

Anarın atası şair Rəsul Rza, anası şairə Nigar Rəfibəylidir
Sputnik

BAKI, 14 mart — Sputnik. 1938-ci il martın 14-də xalq yazıçısı, dramaturq, ssenarist Anar (Anar Rəsul oğlu Rzayev) anadan olub.

Yazıçı Anar "26" kafesi ilə bağlı Hacıbala Abutalıbova kəskin cavab verdi

Anarın atası şair Rəsul Rza, anası şairə Nigar Rəfibəylidir. Anar anası tərəfdən Azərbaycanın məşhur ictimai və dövlət xadimi, Azərbaycan Demokratik Respublikasının ilk səhiyyə naziri və Gəncə şəhərinin general-qubernatoru olan Xudadat bəy Rəfibəylinin nəvəsidir. Atası tərəfdən isə Məmmədxanlılar nəslindəndir. 

Anar 1945-ci ildə 10 illik musiqi məktəbinə (indiki Bülbül adına məktəb) daxil olub və 1955-ci ildə həmin məktəbi gümüş medalla bitirib. Birinci sinifdən onuncu sinfə qədər Zemfira Səfərovayla bir yerdə oxuyublar. 1955-ci ildə Anar Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə, Zemfira konservatoriyaya daxil olsa da, yolları ayrılmayıb, nişanlanıblar və evləniblər. Toyları 1962-ci il yanvarın 27-də olub.

Anar və Zemfira xanımın iki övladları var. Böyük oğulları Tural ərəbşünas və diplomatdır. Qızları Günel isə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib.

Anar 1991-ci ilin martında Yazıçıların IX Qurultayında yekdilliklə Azərbaycan Yazıçılar Birliyinin sədri seçilib. 1997-ci il oktyabrın 30-da Yazıçıların X Qurultayında yekdilliklə yenidən Azərbaycan Yazıçılar Birliyinin sədri seçilib.

Anar 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisin deputatı olub. 1995-ci ildə Azərbaycan Respublikası Konstitusiya Komissiyasının üzvü olub. "İstiqlal" ordeni, "Heydər Əliyev mükafatı" ilə təltif edilib.

Dünyadakı prosesləri peyğəmbərcəsinə öncədən görmüş yazıçı

Roman ("Beşmərtəbəli evin altıncı mərtəbəsi") və povestlərin ("Ağ liman", "Əlaqə"), hekayə ("Keçən ilin son gecəsi") və pyeslərin ("Şəhərin yay günləri", "Adamın adamı"), 10-dan çox filmin ssenarisinin ("Torpaq. Dəniz. Od. Səma", "Gün keçdi", "Dədə Qorqud", "Təhminə", "Otel otağı" və s.), tərcümə və publisistik məqalələrin müəllifidir. "Dantenin yubileyi", "Uzun ömrün akkordları", "Qəm pəncərəsi" və s. filmlərə quruluş verib.

Kinoşünas Ayaz Salayevin iddiasına görə ("525-ci qəzet", 7 oktyabr, 1999) rejissor Nora Efronun çəkdiyi və baş rolda məşhur Hollivud kinoulduzu Tom Henksin oynadığı "Sizə məktub var" (You've Got Mail) filminin ssenarisi Anarın "Mən, sən, o və telefon" əsəri əsasında qurulub.

Kinoşünasın bu fikrə gəlməsinə adıçəkilən hekayənin Amerikada çap olunması da əsas verib.