Çavuşoğlundan Amerika etirafı: “Əlaqələrimiz bitmək üzrədir”

Türk nazir Menbiç məsələsində Amerika ilə razılaşdıqlarını söyləmişdi
Sputnik

BAKI, 14 mart — Sputnik. “Türkiyə-Amerika əlaqələri bitmə nöqtəsinə çatıb”. Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Moskvadakı universitetlərin birində tələbələr qarşısında çıxış edərkən deyib.

Sputnik Türkiyə-nin məlumatına görə, nazir mövcud vəziyyətə görə ABŞ-ı təqsirləndirib.

"Bəli, əlaqələrimiz qopma səviyyəsindədir. Əsas günahkar Amerikadır. Çünki bizimlə düşmən olan terrorçulara silah göndərir. Onlar bunu dərhal dayandırmalıdır" – Çavuşoğlu vurğulayıb.

Qeyd edək ki, türk nazir Rusiyaya yollanmadan öncə hava limanında verdiyi açıqlamada, hazırda PYD terrorçularının nəzarətində olan Menbiç məsələsində Amerika ilə razılaşdıqlarını söyləmişdi. Çavuşoğlu, PYD-nin Menbiçdən çıxacağını, oradakı təhlükəsizliyi Türkiyə və ABŞ əsgərlərinin birgə həyata keçirəcəklərini bildirmişdi.