Aleksandra Zuyeva, Sputnik Azərbaycan
BAKI, 12 mart — Sputnik. Böyük Vətən Müharibəsində qələbənin üzərindən artıq 70 ildən çox keçib. Amma məlum olduğu kimi, yaddaşın müddəti olmur və bu o deməkdir ki, həmin dəhşətli müharibədə ölən və itkin düşənlərin də müddəti yoxdur. Sabiq Sovet İttifaqının sakinləri də bunu yaxşı bilirlər və buna görə də indiyədək öz doğmalarının axtarışını davam etdirirlər. Burada Azərbaycan da istisna deyil.
Dövlət nəinki sayı ildən-ilə azalan veteranların qayğısına qalır, eyni zamanda müharibədən qayıtmayan insanların axtarışlarını da davam etdirir. Təkcə Taqanroq ətrafında Mius istehkamlarında həlak olmuş 11 min azərbaycanlı yatır. Həmin yüksəklikdə minlərlə əsgər ölüb, lakin o döyüşün gedişini yalnız 2 birləşmə — 130-cu və 416-cı Azərbaycan diviziyaları dəyişə biliblər. Əsasən onların zərbələri sayəsində 1943-cü ilin avqustunda Sambek yüksəkliklərində almanların müdafiəsi yarılmış və Taqanroq azad edilmişdi. Üstündə çox illər keçəndən sonra, 1980-ci ildə Taqanroq sakinləri qəhrəman Azərbaycan diviziyasının döyüşçülərinin şərəfinə "Sambek Yüksəklikləri" Fəxri Memorialını inşa etdiriblər. Qeyd edək ki, "Sambek Yüksəklikləri" Fəxri Memorialı keçmiş SSRİ ərazisində qəhrəman azərbaycanlı döyüşçülərin şərəfinə qoyulan ən böyük abidədir.
Ötən il İkinci Dünya Müharibəsində ölən və itkin düşən 206 azərbaycanlının qəbri Moldovada tapılıb. Böyük Vətən Müharibəsində, 1943-cü ilin 26 sentyabrında ölən daha bir azərbaycanlının — yefreytor İbiş Mirzəyevin qalıqları isə Rusiya Federasiyasının Smolensk vilayətində tapılıb.
Bir sözlə, belə məşhur və məşhur olmayan şəxslərin məzarları çox tapılıb və bundan sonra da tapılacaq. Bu yazıda biz oxucuları bir medalyonun tamamlanmamış tarixçəsi ilə tanış etmək istəyirik. Bu medalyon 2016-cı ildə Sevastopolda, "Zolotaya balka" üzüm bağlarında axtarış işləri zamanı tapılıb.
Həmin vaxt "Dolq" birliyinin axtarış aparan nümayəndələri və xilasediciləri yeraltı sığınacaqlarına bomba düşməsi nəticəsində həlak olmuş beş "qızıl ordu" əsgərinin qalıqlarını aşkara çıxarıblar.
Şübhəsiz ki, həmin vaxtlarda bu yerlərdə 1941-ci ilin dekabrında Sevastopol şəhərinə daxil olduğu güman edilən 388-ci atıcı diviziyasının tərkib hissəsi olan 773-cü piyada bölməsi möhkəmlənə bilərdi.
Bu axtarışlarda iştirak edən "Dolq" axtarış dəstəsinin Sevastopol dərnəyinin sədri Marina Qavrilenko Sputnik Azərbaycan-a bir dəhşətli tapıntıdan danışıb. Onun sözlərinə görə, xilaedicilər əvvəlcə bomba tapıblar. Bombanı sığınacaqdan çıxararkən, onun altından beş nəfərin qalıqları tapılıb.
"Əgər onda bomba partlasaydı, biz indi heç kəsi tapa bilməzdik. Amma həmin döyüşçülərin qalıqlarını sığınacaqdan çıxara bildik. Üç gün orada işlədik. Bu adamların şəxsiyyəti indiyə kimi müəyyənləşməyib" — deyə o bildirib.
Dərnək sədrinin sözlərinə görə, müharibədə ölənlərin adlarının qaytarılması böyük uğurdur.
O həmçinin bildirib ki, bu dəfə onlar içində 42-ci ilin 30 may tarixli "Krasnaya zvezda" qəzetinin parçası olan medalyon tapıblar. O parçada Məmmədov Q.M, Bakı şəhəri, Verxne-Naqornaya küçəsi (Yuxarı Dağüstü) ev № 80 yazılıb.
Qavrolenko bildirib ki, hal-hazırda mövcud olan yeganə şey həmin medalyon və onun içərisindəki üzərində yazı olan qəzet qırığıdır.
"Onların qalıqları tapılandan sonra mənə Bakıdan müraciət etdilər. Adamlar yazdılar ki, medalyon sahibinin doğmalarını tapmağa kömək edəcəklər. Amma indiyə qədər heç bir nəticə yoxdur" — deyə o, bildirib.
O vaxtdan bir neçə il keçib. Həmin döyüşçülərin qalıqları torpağa verilib. Əlbəttə, istərdik ki, o vaxt öz həyatlarını ümumi vətən uğrunda qurban verən bu qəhrəmanların doğmaları onların taleyindən xəbər tutsunlar.