Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 12 mart — Sputnik. Siyəzən rayonunda çoxlu miqdarda pul oğurluğu edən adam tutulub. Bu barədə məlumat Sputnik Azərbaycan-ın bölgə müxbirinə DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilib. Martın 8-də Siyəzən şəhər sakini Rəşad Muradov RPŞ-yə ərizə ilə müraciət edərək ötən il dekabrın 29-da iş otağından içərisində 40 manat nəğd pul və balansında 360 manat pul olan plastik kartının olduğu pul kisəsinin naməlum şəxslər tərəfindən oğurlandığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Xaçmaz şəhər sakini, əvvəllər məhkum olunmuş II-ci qrup əlil Hicran Qurbanov saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayəti etiraf edib və otaqda heç kimin olmadığından istifadə edərək saxlanc yerindən pul kisəsini götürüb ordan uzaqlaşdığını bildirib.
Ətrafında aparılan araşdırmalarla onun törətdiyi digər cinayətlərin də üstü açılıb. Belə ki keçən ilin sentyabr ayının 1-də H.Qurbanov eyni üsulla Siyəzən Rayon Bələdiyyəsinin şöbə müdiri Arzu Kərimovanın otağından sonuncuya məxsus içərisində 5500 manat və 1900 ABŞ dolları olan pul kisəsini və bu ilin fevral ayının 28-də Rayonun Mərkəzi Poliklinikasından Bənzər Niftəliyevaya məxsus içərisində 20 manat olan pul kisəsini oğurladığı məlum olub. Bundan əlavə Sumqayıt şəhərində də eyni üsulla bir idarədən 3000 manat götürdüyü müəyyənləşdirilib.
H.Qurbanov barəsində Azərbaycan Respublikası CM-nin müvafiq maddələri ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.