BAKI, 12 mart — Sputnik. Amerikanın Northwestern Universitetinin əməkdaşı, alman əsilli alim Miriam Berq Türkiyənin regional arenadakı yumşaq gücünü araşdırıb. Araşdırma nəticəsində xanım alim belə qənaətə gəlib ki, Türkiyənin bölgədəki yumşaq gücü məhz seriallardır.
Miriam Berq Yaxın Şərqin, həmçinin dünyanın ən zəngin ölkələrindən olan Qətərdə 100 ayrı gənc arasında sorğu keçirib. Onlara türk seriallarının gənclərə təsiri barədə xeyli suallar verib.
"Verdiyim suallara aldığım cavablar ərəblərin nə üçün türk seriallarına üstünlük verdiyini ortaya qoydu. Birincisi, türk serialları ərəb gənclərin Qərb tərzinə olan maraqlarını tam olaraq qarşılayır. Nədir bu maraqlar? İçki, evlilikdən əvvəl cinsi münasibət və s. Ərəblər bu cür şeyləri qəbul etməsələr də, bunun nə olduğu haqda maraqlanırlar. Halbuki, xarici seriallarda da içki, kəbinsiz cinsi münasibət var. Amma oxşar mədəniyyətə sahib olduqları üçün onlar türk seriallarına üstünlük verirlər", — alim yazıb.
Sputnik Azərbaycan "Timeturk"ə istinadən xəbər verir ki, Miriam Berq Türkiyədə çəkilən serialları daha çox zəngin ərəb ailələrin övladlarının izlədiyini bildirib: "Məsələn, xarici seriallarda aborta pis baxmırlar. Türk seriallarında isə, nə qədər axmaq epizodlar olsa da, sonda mühafizəkarlıq qalib gəlir və qadın son anda "yox, mən abort etdirməyəcəyəm" deyir. Ərəblər də bunu sevirlər".