Atasına oxşayan körpələr daha sağlam olur, çünki…

Belə 700 –dən artıq ailə müəyyən edilib.
Sputnik

BAKI, 7 mart — Sputnik. Atasına bənzəyən körpələr doğulduqdan bir il sonra daha sağlam olur, çünki ataları onlarla daha çox zaman keçirir. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, ABŞ-ın Binhemton Universitetinin alimləri uzun araşdırmalardan sonra belə qərara gəliblər. Onların araşdırmasının nəticəsi Journal of Health Economics jurnalında işıq üzü görüb.

Alimlər qeyd edir ki, araşdırma ata və ananın birlikdə yaşamadığı, uşağın isə nikahdan kənar doğulduğu ailələrə aid edilir. Bir il davam edən araşdırmada 700 belə ailə iştirak edib.

Araşdırma zamanı müəyyən edilib ki, atalar xarici görünüşü onlara bənzəyən övladları ilə onlara bənzəməyən övladlarından orta hesabla 2,5 gün daha çox vaxt keçirirlər.

"Uşaqları özlərinə oxşayan atalar, uşaqların onlara aid olduğuna əmin olduqları üçün onlarla daha çox zaman keçirirlər" – deyə həkim Solomon Polaçek bildirib.

Araşdırmanın müəllifləri qeyd edir ki, tam olmayan ailələr daha həssas olur və tam ailələrlə müqayisədə çıxılmaz vəziyyətdə qalır. Buna görə də çalışmaq lazımdır ki, belə ailələrdə atalar öz uşaqlarını tez-tez görsünlər.