BAKI, 10 mart — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyi martın 9-u gündüzdən 10-u səhərədək müşahidə olunmuş faktiki havanı açıqlayıb.
Nazirliyin mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində martın 9-u gündüzdən 10-u səhərədək qeyri-sabit hava şəraiti davam edib, arabir yağış, dağlıq rayonlarda qar yağıb, bəzi yerlərdə intensiv olub.
Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-10, Lənkəran-Astara zonasında 2-8, Böyük Qafqazda 3-21, Mərkəzi Aran rayonlarında 2-18, Qazax-Gəncə zonasında 1-10, Naxçıvan MR-da 4-12 mm olub.
Qar örtüyünün hündürlüyü Şahdağda 38, Qırızda 12, Xınalıqda 4, Rvarudda 3, Kəlvəzdə 2 sm təşkil edib.
Şimal-qərb küləyi bəzi rayonlarda və Abşeron yarımadasında arabir güclənib.