İQTİSADİYYAT

Prezident “Azərxalça”ya 2 milyon ayırdı

Sabunçu rayonunda xalça istehsalı emalatxanası tikilir
Sputnik

BAKI, 10 mart — Sputnik. Prezident İlham Əliyev Sabunçu rayonunda xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sərəncama əsasən, Sabunçu rayonunda xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.49.5-ci yarımbəndində göstərilmiş məbləğin 2,0 (iki) milyon manatı “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.