BAKI, 9 mart — Sputnik. Qəbələ rayonunda 72 uşaq yanğın səbəbindən məktəbsiz qalıb. Sputnik Azərbycan-ın məlumatına görə, martın 6-da dağ kəndi olan Laza ərazisində yerləşən təhsil müəssisəsinin yeganə binasında yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) ictmaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, yanğın binanın 2.4 min kvadratmetrlik ümumi sahəsinin 750 kvadratmetrlik ərazisini əhatə edib. Yanğın saat 17:27-də söndürülüb. Xoşbəxtlikdən yanğından zərər çəkən olmayıb.
Lakin ilk baxışdan müvəffəqiyyətli görünən bu nəticə əslində heç də müvəffəqiyyətli deyilmiş. Hadisədən dərhal sonra sosil şəbəkələrdə yayılan videolardan göründüyünə görə, hadisə yerinə gələn yanğınsöndürənlər yanğını söndürmək əvəzinə ona tamaşa etməli olublar. Çünki onların maşınlarında yanğınla mübarizə aparmaq üçün lazım gələn su olmayıb.
Bu video sosial şəbəkə istifadəçiləri arasında mənfi reaksiyalara səbəb olub. Onlar heç cür anlaya bilməyiblər ki, yanğınsöndürənlər necə yanğın yerinə susuz gələ bilərlər.
Amma qeyd etmək lazımdır ki, heç də hər şey qəzəbli sosial şəbəkə istifadəçilərinin və video müəlliflərinin təqdim etdiyi kimi deyil. Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, yanğınsöndürənlər hadisə yerinə vaxtında yetişiblər və onlarda kifayət qədər su olub. Lakin yanğınla mübarizə zamanı su qurtarıb. Kənddəki digər su mənbələrində isə su olmayıb.
Sputnik Azərbaycan-a danışan Laza kənd bələdiyyəsinin sədri Rəhman Kamil oğlu Mürsəlovun sözlərinə görə, kənd dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşir. Məktəb isə orada 1958-ci ildə tikilib.
Bina köhnə olduğundan orada qızdırıcı sistem və yanğın kranları olmayıb. Sinif otaqlarını qızdırmaq üçün odun sobalarından istifadə edilib. Baxmayaraq ki, məktəb 150 şagird üçün nəzərdə tutulub, hazırda orada 72 uşaq təhsil alır.
Mərkəzləşdirilmiş su mənbəyinə gəlincə, demək olar ki, kənddə belə bir mənbə yoxdur. Camaat suyu bulaqlardan toplayır. Məktəbdə isə sadəcə zəif su sızan bir kran var.
Buna görə də yanğın söndürülən zaman yanğınsöndürənlər su toplamaq üçün çaya enməli və yenidən kəndə qalxmalı olublar. Bütün çətinliklərə baxmayaraq, yanğın söndürülüb.
Mürsəlov binası yanan məktəbin şagirdlərinin bundan sonra harada oxuyacaqlarına da aydınlıq gətirib. Onun sözlərinə görə, indi uşaqlar müvəqqəti olaraq kolxozun köhnə binasında dərs keçməli olacaqlar.
"Orada 10 otaq var və artıq odun sobaları da quraşdırılıb. Bu gün artıq orada dərs başlayıb. Biz özümüz hər şeyə nəzarət edirik" — deyə bələdiyyə sədri bildirib.
O, həmçinin qeyd edib ki, Qəbələ Rayon İcra Hakimiyyətinin nümayəndələri hadisə yerinə gəliblər və söz veriblər ki, tezliklə yanan məktəbi modul tipli yeni məktəb əvəz edəcək.