CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Köhnə Bakıda qəribə sükut: Hər kəs evinə çəkilərək bir xəbər gözləyir

"Sovetski" küçələrində indi hökm sürən sükutu ara-sıra dar, dolanbac yollarda yolu itirən avtomobillərin səsi pozur
Sputnik

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 9 mart — Sputnik. Bir müddət əvvəl Nazirlər Kabineti "Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə" qərar verdi. Qərara görə, Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzaga Əliyev küçələri arasındakı ərazidə 880 ədəd, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün alan orqan Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti müəyyən edilib.

Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə tapşırılıb ki, göstərilən torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanunun tələblərinə uyğun olaraq həyata keçirsin və bu barədə Nazirlər Kabinetinə təkliflər təqdim etsin.

Yasamal rayonunun "Sovetski" adlanan ərazisi

Qeyd edək ki, həmin küçə və prospektlər Yasamal rayonunun "Sovetski" adlanan ərazisinə daxildir və bu qərar "Sovetski"dən köçürülmə ilə bağlı ikinci mərhələni əhatə edir. Ancaq hələ ki, ərazidə yaşayan vətəndaşlara köçürülmə ilə, söküntü işlərinin aparılması ilə bağlı hər hansı bildiriş göndərilməyib. Bu barədə sakinlər Sputnik Azərbaycan-ın ərazidə olan əməkdaşına bildiriblər.

Sakin Səməd İbrahimov deyib ki, "Sovetski"də ilkin söküntü işləri aparıldıqdan sonra onlar yaşadıqları ərazilərin söküləcəyini bilirdilər: "Buna görə də sabah bildiriş gətirsələr, təəccüblənmərəm. Bizi küçədə qoymayacaqlar ki? Yəqin ki, kompensasiya veriləcək. Onsuz da evlərimiz çoxdan sıradan çıxıb. Yaxşı olardı ki, yerinə bizə mənzil verilsin. Amma buna da şükür".

"Sovetski"nin 68 yaşlı sakini Sona xanım isə, ömrünü burada keçirdiyini, "Sovetski"nin ona doğma olduğunu bildirib: "Deyirlər, söküntü olacaq, köçəcəksiniz. Bir az mənə qəribə gəlir. Uşaqlığım burada keçib. "Sovetski"-nin küçələri mənə o qədər doğmadır ki".

Yasamal rayonunun "Sovetski" adlanan ərazisi

Sona xanım ömrünün son günlərini rahat və sakit yaşamaq istədiyini arzulayır: "Əvvəllər biz qonşular o qədər yaxın idik ki, heç kəs qapısını bağlamazdı. Çünki bilirdik ki, bizə bir-birimizdən zərər gəlməz. Amma indi yatanda da qorxa-qorxa yatırıq. Kimsə gələr, nə isə olar deyirik".

Köhnə Bakının gənc sakinlərindən olan Samir Əliyev də buranı çox sevdiyini deyir: "Bəzən düşünürəm ki, biz burdan köçsək, daha heç yerdə "Mən "Sovetski" uşağıyam" deyə bilməyəcəyəm. Düzdür, bu, bir qədər incidir adamı. Amma evlərin çoxu sıradan çıxıb. Uzaqdan baxanda adamın lap yazığı gəlir".

"Bilmirəm, necə olacaq. Amma yəqin ki, bundan pis olmaz. Bəzən düşünürəm ki, köhnə Bakı xatirələrdə qalacaq. Mən, məsələn, nə vaxtsa uşaqlarıma danışanda, deyəcəyəm ki, "Sovetski" vardı. Mən orda böyümüşəm, xatirələrim "Sovetski" ilə bağlıdır. Bir də onu bilirəm ki, "Sovetski"ni, bu doğmalığı, yaxınlığı heç vaxt unutmaq olmaz…" — S.Əliyev danışır.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarında adı çəkilən küçələrin əksəriyyətində sükut hökm sürür. Ya sakinlər çoxdan köçüb gedib, ya da qapılarını bağlayıb, heç kimə açmaq istəmirlər. Bu sükutu ara-sıra dar, dolanbac yollarda yolu itirən avtomobillərin səsi pozur.

Yasamal rayonunun "Sovetski" adlanan ərazisi

Uçuq-sökük evlər, dağınıq küçələr köhnə Bakının yadigarı olsa da, şəhərin estetik görkəminə xələl gətirir…