TƏHLİL

Azərbaycanda yeni fond yaradılır: Niyyəti xoşməramlıdır, amma vəsaiti...

"Elə olmalıdır ki, o fond işləyən müəssisələrə yük olmasın, həm dövlətin, həm də digər vəsaitlərin hesabına bu fond formalaşsın"
Sputnik

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 9 mart — Sputnik. "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ölkənin sığorta şirkətləri ilə Əməyin Mühafizəsi Fondunun yaradılması barədə danışıqları davam etdirir".

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. Nazirin sözlərinə görə, bu Fondun yaradılması Əmək Məcəlləsi ilə nəzərdə tutulub və onun yaradılması Azərbaycanda əməyin mühafizəsi sahəsini təkmilləşdirməyə kömək edəcək.

"Bu gün Azərbaycanda "İstehsalatda bədbəxt hadisələrdən və peşə xəstəliklərindən icbari sığorta haqqında" qanun mövcuddur. Amma bu qanuna görə, sığorta dövlət tərəfindən yox, bu sahədə lisenziya sahib olan sığorta şirkətləri tərəfindən həyata keçirilir", — nazir deyib.

Məsələ ilə bağlı Sputnik Azərbaycan-a açıqlama verən iqtisadçı-ekspert Vüqar Bayramov deyib ki, Əməyin Mühafizəsi Fondunun (ƏMF) yaradılması Əmək Məcəlləsində nəzərdə tutulan institusional islahatlardan biridir. Həmin Məcəllə ölkədə bu fondun yaradılmasını nəzərdə tutur.

V.Bayramov əlavə edib ki, qanunvericiliyə əsasən, ƏMF Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən yaradılacaq: "Fondun yaradılması vaxt tələb edir. Çünki burada bir tərəfdən Əməyin Mühafizəsi Fondunun, digər tərəfdən isə Əməyin Mühafizəsi üzrə Milli İnformasiya Mərkəzinin yaradılmasından söhbət gedir. Bu da risklərin qiymətləndirilməsi baxımından vacibdir".

Ekspertin fikrincə, Əməyin Mühafizəsi Fondunun yaradılmasında əsas məqsəd əməyin mühafizəsinə həm ictimai, həm də dövlət nəzarətinin gücləndirilməsinə nail olmaqdır: "Eləcə də burada söhbət əməyin mühafizəsi vasitələrinin istehsalı ilə məşğul olan müəssisələrin sayının artırılmasından gedir".

İqtisadçı bildirib ki, beynəlxalq təcrübədə, xüsusən də Avropa ölkələrində əməyin mühafizəsi ilə bağlı xüsusi fondlar fəaliyyət göstərir: "Hətta bir sıra hallarda belə fondlar özəl fondlar kimi də fəaliyyət göstərir. Yəni dövlət fondları deyil, həm də özəl fondlar kimi fəaliyyət göstərir".

V.Bayramov onu da xatırladıb ki, əvvəllər Azərbaycanda əməyin mühafizəsi ilə bağlı xüsusi qanun var idi: "Daha sonra isə bu, Əmək Məcəlləsinə inteqrasiya olundu. Burada həm sağlamlıq, həm də təhlükəsizlik baxımından əməyin mühafizəsindən söhbət gedir. Sığorta və eləcə də institusional şirkətlərin Əməyin Mühafizəsi Fondunun yaradılmasında iştirakı çox vacibdir. Çünki bu, həm də maliyyələşdirmə tələb edir".

İqtisadçının sözlərinə görə, burada bir tərəfdən bədbəxt hadisələrdən sığortalanma həyata keçirilir: "Deməli, sığorta şirkətləri birbaşa mühafizə ilə bağlı fəaliyyətdən gəlir əldə etmək imkanlarına malikdirlər. O baxımdan sığorta şirkətlərinin də məhz bu fondun yaradılmasında fəal iştirakına ehtiyac var".

"Digər tərəfdən isə burada çox fərqli fəaliyyətlərin həyata keçirilməsinə ehtiyac var. Burada söhbət yalnız sahibkarlıq fəaliyyətindən getmir. Eyni zamanda, digər qurumlarda, o cümlədən özəl sektora məxsus olmayıb, amma əməyin yaradıldığı qurumlarda əmək fəaliyyətinə nəzarətdən söhbət gedir", — o deyib.

İqtisadçının qənaətincə, bu baxımdan yalnız nəzarət deyil, həm də bu istiqamətdə imkan və biliklərin artırılmasına ehtiyac var: "Bu da vəsait tələb edir. Əməyin Mühafizəsi Fondunun yaradılması sadəcə standartlara əməl edilməsi deyil, həm də vəsaitin xərclənməsidir. O baxımdan, digər investorların prosesə cəlb edilməsinə ehtiyac var".

V.Bayramov düşünür ki, prosesin reallaşması və xüsusən digər investorların prosesə cəlb edilməsi yolu ilə Əməyin Mühafizəsi Fondunun yaradılması realdır: "Buna ehtiyac var. Amma burada birmənalı şəkildə özəl sektorun geniş iştirakçılığının təmin edilməsinə ehtiyac var. Yəni dövlət bu fondun yaradılmasında sadəcə institusional baxımdan iştirak etməlidir. Amma digər məsələlərdə sığorta şirkəti, digər investor təşkilatlar birbaşa iştirak etməlidir ki, özəl sektor hesabına əməyin mühafizəsi həyata keçirilə bilsin".

O bildirib ki, bununla bağlı hələlik qaydalar müəyyənləşməyib: "Amma nəzərə alaq ki, bədbəxt hadisələrdən sığorta var və özəl şirkətdə çalışanlar praktik olaraq sığorta ödəyirlər. Əgər bədbəxt hadisələrdən dolayı sığorta ödənilirsə, düşünmürəm ki, ayrıca olaraq özəl şirkətin Əməyin Mühafizəsi Fonduna vəsait ödənilməsinə ehtiyac var. Çünki bu, sahibkarların xərclərinin artmasına gətirib çıxarar".

"Bu baxımdan sahibkarların sözügedən fonda məcburi ödənişlərin həyata keçirilməsi arzuolunan deyil. Könüllü şəkildə sığorta şirkətləri və digər şirkətlər bu fondun yaradılmasında iştirak etmək istəyirsə, bunu təşviq etmək olar. Amma bütün hallarda məcburi ödənişlərin tətbiq edilməsi arzuolunan deyil", — ekspert əlavə edir.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) "Sosial sferanın iqtisadiyyatı və idarə olunması" kafedrasının müdiri, professor Əli Əlirzayev isə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, ümumiyyətlə, sığortalama prosesi hər bir ölkədə, hə bir cəmiyyətdə vacibdir: "Əməyin də sığortalanması bir çox məqsədlər üçün istifadə olunmalıdır. Bu fond yaradılarsa, ehtiyat, müəyyən maliyyələşmə mənbəyi olar. Bədbəxt hadisələrdən qorunmaq, istehsal prosesini genişləndirmək, özünəməşğulluğu, əmək ehtiyatlarını artırmaq üçün bu fondan istifadə etmək olar".

Professor vurğulayıb ki, belə bir fondun yaradılması mühüm əhəmiyyət kəsb edir və bundan istifadə olunmalıdır. Onun verilməsində müəyyən bir mexanizm olmalıdır: "Elə olmalıdır ki, o fond işləyən müəssisələrə yük olmasın. Həm dövlətin, həm də digər vəsaitlərin hesabına bu fond formalaşsın. Burada fərdi, kollektiv, müəssisə və ölkənin maraqları olmalıdır".

Qeyd edək ki, nazir Səlim Müslümov "sığorta təşkilatları Əməyin Mühafizəsi Fondunun yaradılmasında fəal iştirak etməlidir" açıqlamasını da verib: "Bu, sığorta şirkətlərinə fondun işində iştirak etməyə və daxilolmalara nəzarət etməyə imkan verəcək. Hesab edirəm ki, həm də sığorta şirkətlərinin gəlirlərinin bir hissəsi bu fonda yönəldilməlidir".