HADİSƏ

Gəncədə qonşu qonşuya qarşı elə amansızlıq törətdi ki...

Qadının tamah məqsədi ilə boğularaq öldürülməsi, sonradan evinin yandırılması müəyyən edilib
Sputnik

BAKI, 8 mart — Sputnik. Fevralın 27-si saat 03.00 radələrində Gəncə şəhəri N.Nərimanov prospektindəki mənzillərdən birində yanğın baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, nəticədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb, yanğın söndürüldükdən sonra orada yaşayan Natella Katiblinin yanmış meyiti tapılıb.

Məhkəmə tibbi ekspertizasının müayinəsi zamanı N.Katiblinin boğaz nahiyəsində kəsiyin olması, qabırğalarının isə sınması müəyyən edilib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Lent.az xəbər verir ki, polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində N.Katiblinin tamah məqsədi ilə boğularaq öldürülməsi, sonradan evinin yandırılması müəyyən edilib. Görülmüş tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən qətlə yetirilən şəxsin qonşusu, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Mustafayev tutulub.