BAKI, 8 mart — Sputnik. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri uğurla davam etdirilir.
Sputnik Azərbaycan-a DSX Mətbuat Mərkəzindən verilən məlumata görə, 2018-ci ilin 7 mart tarixində Lənkəran sərhəd dəstəsinin Astara şəhəri yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən nəzarət-iz zolağında İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikası istiqamətində naməlum şəxsin ayaq izləri aşkar olunub.
Təxirəsalınmaz sərhəd axtarışı tədbirləri nəticəsində sərhəd pozucusu Astara-Ərçivan magistral yolunda yanacaq-doldurma məntəqəsinin yaxınlığında saxlanılıb və onun 1990-cı il təvəllüdlü Suriya vətəndaşı Tahir Əli Əbdülsalam oğlu olması müəyyənləşdirilib.
Sərhəd pozucusunun üzərindən 2 ədəd özünə məxsus Suriya vətəndaşının pasportu, 2 ədəd qovluqda Azərbaycan Respublikasının, Rusiya Federasiyasının və Belarusiyanın xəritələri, 1 ədəd dini kitab, 578 ABŞ dolları, 1300 avro, 170000 İİR rialı aşkar olunub.
Fakt üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılmışdır, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.