İQTİSADİYYAT

Bankların kredit canfəşanlığının pərdəarxası: Onlara inanaq, yoxsa...

Bankların bir neçə müddət kredit verməməsinə səbəb kapitalın olmaması deyildi, sadəcə kredit verə biləcək etibarlı müştəri tapa bilmirdilər
Sputnik

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 7 mart — Sputnik. Son iki ildə manatın dollara nisbətən ucuzlaşması bank sektoruna da təsirsiz ötüşməmişdi. Belə ki, banklara külli miqdarda borcu olan müştərilərin əksəriyyəti iqtisadi çətinliyə görə, krediti ödəməyi ya gecikdirirdi, ya da ümumiyyətlə borcu qaytarmaqdan imtina edirdi. İkinci devalvasiyadan sonra banklar bu və digər səbəblərdən vətəndaşlara kredit verməyi dayandırmışdı. Həmçinin, kredit şərtləri də sərtləşdirilmişdi.

Azərbaycan banklarından kredit borclularına inanılmaz müjdə

Amma son iki ayda bəzi banklar müştərilərə yenidən kreditlər verməyə, kredit təklifləri etməyə başlayıb. Hətta müştəri cəlb etmək məqsədilə müxtəlif kredit kampaniyaları da həyata keçirilir. Bank əməkdaşları daimi müştərilərinə kompaniyalar haqqında məlumatlar göndərərək onları kredit götürməyə dəvət edirlər.

Burada maraqlı məqam odur ki, vaxtilə müştərilərin inamını itirən banklar onları müxtəlif üsullarla yenidən cəlb etməyə çalışsa da, kredit faizlərini aşağı salmırlar.

Sputnik Azərbaycan məsələ ilə bağlı iqtisadçı ekspertlərin fikirlərini öyrənib.

Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov əvvəlcə bankların yenidən kredit verməyə başlamasının səbəblərini açıqlayıb: “Bunun əsas səbəbi Mərkəzi Bankın digər banklara güzəştli kredit verməyə başlamasıdır. Təbii ki, əhaliyə kredit verilməməsi çox davam edə bilməzdi. Nəhayət, Mərkəzi Bank güzəştli şərtlərlə banklara kredit verməyə başlayıb. Banklar da aldıqları güzəştli krediti vətəndaşlara verərək, əlavə gəlir əldə etməyə çalışırlar”.

Ə.Həsənov qeyd edib ki, digər səbəb isə bankların bu müddət ərzində əmanətlərini artırmasıdır: “Ötən ilin sonunda banklara qoyulan əmanətlər bir qədər də artıb. Bu da devalvasiyanın son bir il ərzində sabitliyi ilə əlaqədardır. Həm əmanət kanalından, həm də Mərkəzi Bank tərəfindən banklara ayrılan pulun çoxaldığı üçün banklar da həmin pulları vətəndaşlara kredit verib, gəlir əldə etmək istəyirlər”.

Kredit yolu gözləyənlərin diqqətinə: Banklar "kəmərləri daha da sıxacaq"

“Bu gün sahibkarların çoxunun işlərində zəiflik müşahidə olunduğu üçün banklar əsas krediti adi vətəndaşlara verməyə başlayacaqlar. Təbii ki, kredit hər kəsə yox, ancaq şərtlərə uyğun olan insanlara veriləcək", — deyə ekspert əlavə edib.

Ə.Həsənov kredit faizlərinin yüksək olma səbəbinə də aydınlıq gətirib: “Əməkdaşlar banklara güvəni olmadığı üçün dollarla yox, manatla iş görməyə daha çox üstünlük verirlər. Bəli, bankdan götürülən kredit faizlərinin göstəriciləri bir qədər yüksəkdir. Banka borcu olanda güzəşt etmirlər, amma bankın borcu olanda məhkəmə ona güzəşt edir. Bu da vətəndaşın banka olan inamını itirir. Ona görə də manatla iş görməyə üstünlük verirlər”.

İqtisadçı-ekspert Fuad Əlizadənin fikrincə isə bankların bir neçə müddət kredit verməməsinə səbəb kapitalın olmaması deyildi, sadəcə banklar kredit verə biləcək etibarlı müştəri tapa bilmirdilər.

“Hal-hazırda banklar uzun müddət kredit vermədiyi üçün banklarda 5-6 milyard manat pul yığılıb. Hətta bu haqda Azərbaycan Banklar Assosiasiyasının rəhbəri Zakir Nuriyev də bildirib. O, çıxışı zamanı deyib ki, bankların kredit ayıracaq pulu var. Sadəcə onlara etibarlı və güvənə biləcəkləri, verilən krediti vaxtında ödəyə biləcək müştərilər lazımdır". — F.Əlizadə əlavə edib.

İqtisadçı deyib ki, son zamanlar bahalaşmanın baş verməməsi, manatın dollara nisbətdə sabit qalması insanların həyat şəraitinin sabitləşməsinə səbəb olub. Bunu müşahidə edən bank işçiləri apardıqları araşdırma nəticəsində bilirlər ki, müştərilərin kredit ödəmə imkanları çoxalır.

Azərbaycanda pul-kredit siyasətinin yumşaldılması təklif olunur

“2015-ci ildə iqtisadiyyatımızda enmə müşahidə olunurdusa, 2018-ci ilin əvvəllərində qeyri-neft iqtisadiyyatında inkişaf baş verir. Qeyri-neft sektorunun inkişaf etməsi sahibkarların çoxalmasına səbəb olur. Pul əldə edən sahibkar daha yaxşı yaşam tərzi sürmək istəyir. Banklar bu canlanmanı gördükləri üçün aktiv etmədikləri pulları dövriyyəyə buraxmaq fikrinə düşürlər", – deyə ekspert vurğulayıb.

F.Əlizadə iddia edir ki, bankirlər pulu birindən alıb digərinə satırlar: "Banklar çalışır ki, müştərini cəlb etmək üçün faizləri aşağı salsın. Amma bunun üçün zaman lazımdır. Bankların öz borcları da var. Onlar özlərini tam tənzimləyəndən sonra, yəqin ki, yaxın gələcəkdə faizləri aşağı salacaqlar".