BAKI, 6 mart — Sputnik. Bildiyimiz kimi, avtomobillər üçün aksiz vergisi artırılıb. Vergi Məcəlləsinin 190.4.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən, Azərbaycana idxal olunan mühərrikinin həcmi 2000 sm3-dək olan minik avtomobilləri üçün aksiz dərəcəsi dəyişdirilməyib, lakin digər minik avtomobillərinə, istirahət və ya idman üçün yaxtalara və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrin mühərrikinin həcminə mütənasib olaraq tətbiq edilən aksiz dərəcəsi müəyyən edilib.
Qeyd edək ki, hazırda mühərrik həcmi 2-2,5 min kubmetrdən daha böyük olan avtomobillərdə qiymət artımı özünü daha qabarıq şəkildə hiss etdirir. Mühərrik həcmi aşağı olan avtonəqliyyat vasitələrində aksiz vergisinin artımı ümumi çəkidən, yəni avtomobilin ümumi dəyərindən təqribən 5-10 faiz qiymətə təsir edib. Mühərrik həcmi artdıqca bu qiymət 30 faizə qədər artır. Bu isə kifayət qədər ciddi rəqəmdir.
Sputnik Azərbaycan Sumqayıt "Avtomobil bazarı"ndan hazırlanmış video-reportajı təqdim edir.
Qeyd edək ki, burada 2009-cu il istehsallı, 1,6 mühərrik həcmi "VAZ 2107" 5700 manata satılır, 1989-cu il istehsalı olan "VAZ 2106" 2700 manata, 1992-ci il istehsalı olan "Mercedes E230" 5500 manata satılır. Satıcılar deyirlər ki, avtomobillərin qiyməti ilə maraqlananlar çox olsa da, alıcı yoxdur. Bu da qiymət artımı ilə əlaqəlidir.