ELM

Hökumətdən təqdirəlayiq qərar: Təhsilimizdə köklü dəyişiklik baş verəcək

"Ali təhsil müəssisələrində ixtisasların əksəriyyəti Sovet dönəmindən qalanlardır"
Sputnik

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 5 mart — Sputnik. Azərbaycanda magistratura səviyyəsi üzrə yeni ixtisaslar yaradılıb. Nazirlər Kabineti "Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı"nda dəyişikliklər edib. Qərara əsasən, ali təhsilin magistratura səviyyəsi üzrə "Humanitar və sosial ixtisaslar qrupu" bölməsində "İnzibati hüquq, inzibati proses, iqtisadi və maliyyə hüququ", "Tibbi hüquq", " Əqli mülkiyyət hüququ", " Əmək hüququ: sosial təminat hüququ", " İdman hüququ" və "Turizm hüququ", "Mədəniyyət və incəsənət ixtisasları qrupu" bölməsində "Musiqi texnologiyaları" ixtisasları və s. yaradılıb.

Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, hazırda Azərbaycanda ali təhsil müəssisələrində mövcud olan ixtisasların əksəriyyəti Sovet dönəmindən qalanlardır: "Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan təhsili, iqtisadiyyatı, mədəniyyəti dünya arenasına, o cümlədən Avropaya çıxmağa başlayıb. Təəssüf olsun ki, hələ də dünya standartlarına cavab verməyən ixtisaslar üzrə kadr hazırlığı həyata keçirilir. Bunlar daha çox humanitar, sosial və iqtisadi sahələr üzrədir".

Ekspertin sözlərinə görə, hazırda bir çox inkişaf etmiş ölkələrdə əmək bazarında ciddi şəkildə ehtiyac duyulan elə ixtisaslar var ki, Azərbaycanda o ixtisaslara hazırlıq həyata keçirilmir: "Bizdə hüquqşünas dedikdə, standart bir hüquq istiqaməti mövcuddur. Ayrıca bu və ya digər sahələr üzrə mülki hüquq, cinayət hüququ, tibbi hüquq və digər sahələr üzrə ixtisaslaşmış kadrlar yoxdur. Bu, eynilə digər sahələrə də aiddir. Ona görə də hesab edirəm ki, ilk növbədə Azərbaycanda dünya standartlarına cavab verən və əmək bazarının ehtiyacı olduğu kadrların hazırlığı həyata keçirilməlidir".

K.Əsədov vurğulayıb ki, Azərbaycanda 54 universitetin heç birində dünya standartına cavab verən kadr hazırlığı aparılmır: "Bu, iqtisadiyyat sahəsinə də, tibb sahəsinə də aiddir. Məsələn, bizdə ənənəvi olaraq ümumi stomatologiyadır. Amma dünyada bu, fərqlidir. Uşaq stomatologiyası, yaşlı stomatologiyası var. Və yaxud biz mühasib buraxırıq, amma, hələ də hansı sahə üzrə mühasib hazırlayırıq, onu bilmirik. Amma ixtisaslaşmış kadr olduqda, daha yaxşı mütəxəssis hazırlanır və nəticədə o sahədə olan problemlər aradan qalxır".

"Ona görə də hesab edirəm ki, Nazirlər Kabineti tərəfindən elan edilmiş yeni ixtisaslar kifayət qədər vaxtında atılmış bir addımdır. Düşünürəm ki, zaman-zaman, əsasən turizm, iqtisadiyyatın bu və ya digər sahələri ilə bağlı yeni ixtisaslara ehtiyac var", — deyə Əsədov bildirib.

Həmsöhbətimizin fikrincə, təkcə yeni ixtisasları yaratmaqla iş bitmir: "Resurslar, yəni dərsliklər, tədris materialları formalaşmalıdır. Yeni yaradılmış ixtisaslar üzrə dərs deyəcək kadrlarımız da yoxdur. Bizə elə gəlir ki, iqtisadiyyatı bilən iqtisadiyyatın bütün sahələri üzrə dərs deyə bilər. Bu, belə deyil. Məsələn, bizdə tarix müəllimi tarixin bütün dövrlərindən mühazirə deyə bilir. Amma inkişaf etmiş ölkələrdə, dünya reytinqli universitetlərdə isə, hər müəllim bir dövr, sahə üzrə mütəxəssisdir. Yeni yaradılmış resurslarda ənənəvi materiallardan istifadə olunmamalıdır. Dünya təcrübəsi əsas götürülməlidir".

Əsədovun qənaətincə, hazırda ölkəmizdə ali təhsil müəssisələrinin hazırladığı 60 faiz ixtisaslara artıq əmək bazarında ehtiyac yoxdur: "Hazırda dünyada 40-dan çox ixtisas (robot texnologiya, nanotexnologiya və s.) var ki, hələ də bizdə bu sahələr üzrə kadr hazırlığı həyata keçirilmir. Bu 40-dan çox ixtisasa bizdə ehtiyac var. Amma kadr hazırlığı həyata keçirilmir. Düşünürəm ki, Nazirlər Kabineti növbəti illərdə məhz bunu da nəzərə alacaq".

Təhsil eksperti Məlahət Mürşüdlü isə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, sözügedən ixtisaslara Avropada gələcəyin ixtisasları deyilir: "Avropada artıq 15-20 ildir ki, bu ixtisaslara yiyələnib, onun tədrisi ilə məşğuldurlar. Əgər bu gün bizdə bu ixtisaslara tələbat yoxdursa, yaxın 2-3 ildə həmin ixtisaslara da tələbat olacaq. Əmək bazarı bu ixtisaslar üzrə kadr axtarışında olacaq".

Maddi-texniki bazanın təminatına gəlincə, ekspert deyib ki, ixtisasların elan edilməsi ilə bərabər olaraq bu məsələlər üzərində də iş getməlidir: "Xüsusi komissiyalar yaradılmalı, beynəlxalq təcrübə öyrənilməli və Azərbaycan ictimai həyatına adaptasiya edilərək bizim əmək bazarının tələbatına uyğun dərslik və proqramlar hazırlanmalıdır".

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, eyni zamanda "İqtisadiyyat və idarəetmə ixtisasları qrupu" bölməsində "Davamlı inkişafın siyasi idarə edilməsi", "Davamlı inkişafda insan potensialı", "Davamlı inkişafın planlaşdırılması", "Davamlı insan inkişafı" və "Davamlı inkişafda təbii ehtiyatların idarə edilməsi", "Təbiət ixtisasları qrupu" bölməsində "Kosmologiya"," Səhiyyə, rifah və xidmət ixtisasları qrupu" bölməsində "Gənclərlə iş" ixtisasları yaradılıb.