HADİSƏ

Narkoloji Mərkəzdə yanmış xəstələrdən 15 nəfərin cəsədi yaxınlarına verilməyib

Bakı sakinləri yanmış 15 cəsədin onlara nə vaxt veriləcəyini gözləyirlər
Sputnik

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 5 mart — Sputnik. Martın 2-si səhər saat 06.10 radələrində Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin taxta konstruksiyalı birmərtəbəli korpusunda baş verən güclü yanğın nəticəsində ölənlərin 15-nin cəsədi indiyə qədər ailəsinə təqdim edilməyib.

Yaşamaq istəyənlər var, yardım edin!

Patoloqoanatomlar ölənlərin şəxsiyyətini müəyyənləşdirmək üçün DNT analizinin nəticələrini gözləyirlər. Bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Xatırladaq ki, yanğının baş verdiyi korpusda 55 nəfər olub. Onlardan 30 nəfər xilas edilib, üç nəfər toksikologiya mərkəzinə aparılıb. Yanğın saat 09:13-də tamamlə söndürülüb. Yanmış konstruksiyaların altından 25 nəfərin cəsədi çıxarılıb.

Hazırda Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinin morqunda 15 cəsəd var. 10 cəsəd artıq qohumlarına təhvil verilib. Patoloqoanatomlar ölənlərin şəxsiyyətini müəyyənləşdirmək üçün bütün cəsədlərdən və ölənlərin qohumlarından nümunələr götürüblər. Yaxın günlərdə ölənlərin hamısının cəsədləri yaxınlarına təhvil veriləcək.