TƏHLİL

Azərbaycan jurnalistikasında “istinad mədəniyyəti” niyə yoxdur?

Televiziya eksperti, professor Qulu Məhərrəmli deyir ki, müstəqil media formalaşandan bu məsələlər müzakirə olunur
Sputnik

Qulu Məhərrəmli: “Problemdən çıxış yolu, jurnalist peşə etikasına riayət etməkdir”
"Müasir Azərbaycan mediasının bəlkə də ən ciddi problemi istinad mədəniyyətinin formalaşmamasıdır. Çox təəssüf ki, bu gün elektron mediada, istinad məsələsi aktual bir problemə çevrilib. Bir sıra hallarda televiziya və radioların xəbər-informasiya buraxılışlarında da xəbərin ilkin mənbəyinə istinad edilməməsinin şahidi oluruq”. Bunu Trend-ə Milli Televiziya və Radio Şurasının (MTRŞ) Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.

Televiziya eksperti, professor Qulu Məhərrəmli Sputnik Azərbaycan-a deyir ki, istinad problemi mediamızın, xüsusən də televiziyaların əsas dərdlərindən biridir:

“Xəbər verilərkən mənbəyə istinad olunmalıdır. Təəssüf ki, 90-cı illərdən, müstəqil media formalaşandan bu məsələlər müzakirə olunur, lakin bunu lazımınca nəzərə almırlar. Mənbəyə istinad informasiyanın mötəbərliyinə xidmət edir. Bu problemdən çıxış yolu, jurnalist peşə etikasına riayət etməkdir. Digər tərəfdən peşəkarlıq yüksək səviyyədə olarsa, mənbələrlə dürüst işlənilir”.