BAKI, 4 mart — Sputnik. Polşada şaxtalı hava şəraiti qurbanlarının sayı artmaqda davam edir.
Sputnik Azərbaycan bu barədə "Report"a istinadən xəbər verir.
Qeyd edilir ki, ötən həftələr ölkədə Skandinaviyadan gələn soyuq hava kütləsi hökm sürüb. Havanın hərarəti hətta gündüzlər nadir hallarda mənfi 10 dərəcədən yuxarı qalxıb. Gecələr isə mənfi 20-30 dərəcədən də aşağı düşüb.
Polşa polisinin saytında bildirilib ki, ötən gün ərzində ölkədə 3 nəfər şaxtalı hava şəraitinin qurbanı olub. Martın 1-də daha 2 nəfər şaxtanın qurbanı olub.
Ümumilikdə fevralın 23-dən davam edən şaxtalı hava şəraitində 26 nəfər kəskin hava şəraitinin qurbanı olub.
Ölkənin Su Təsərrüfatı və Meteorologiya İnstitutu şaxta ilə əlaqədar artıq neçə gündür davamlı olaraq təhlükənin birinci səviyyəsi xəbərdarlığını ləğv etmir. Xəbərdarlıq ölkənin bütün ərazisində qüvvədədir. Eyni zamanda sinoptiklər yaxın günlərdə soyuq hava şəraitinin başa çatacağını proqnozlaşdırır.