MƏDƏNİYYƏT

"O rejissorla işləsəm, anamın südü mənə qənim olsun"

"O zaman tamaşaçılar Jan Klod Van Dam, Arnold Şvartseneqqer, Silvester Stalloneyə görə filmlərə baxırdılar"
Sputnik

Xudabaxşiyeva Təranə, Sputnik Azərbaycan

BAKI, 3 mart — Sputnik. Son zamanlar Türkiyədə çəkildiyi filmlərlə məşhurlaşan aktyor Kamran Ağabalayev Sputnik Azərbaycan-a müsahibə verib. Aktyor sənəti ətrafında baş verənlər haqqında danışıb.

— İzləyicilərin əksəriyyəti filmə aktyora görə baxırlar…

— Əslində, bu, böyük problemdir. Amerikada 90-cı illərdə belə idi. O zaman tamaşaçılar Jan Klod Van Dam, Arnold Şvartseneqqer, Silvester Stalloneyə görə filmlərə baxırdılar. Sonra yeni aktyorlar filmlərə çəkilməklə bu aktyorların izləyicilərini özlərinə tərəf çəkməyi bacardılar. İndi isə Amerikada filmlərə əsas aktyorlara görə yox, filmin ssenarisinə görə baxılır. Türkiyə də bu etapdadır. Bir neçə il öncə aktyor və aktrisaya görə baxılan filmlər bu gün ssenariyə görə baxılır. Artıq izləyiciyə filmin hekayəsi maraqlıdır.

— Film təqdimatlarına, demək olar ki, eyni insanlar dəvət olunur… 

Məhkəmədə qalib gələn aktyor: "Onların hamısı məndən üzr istəməlidir"

— Bəzən təşkilatçılar hansısa müğənninin səsini və sənətini bəyənmir, onu bayağı adlandırırlar. Amma filmlərinin təqdimatına həmin müğənnini çağırırlar. Niyə? Çünki, o müğənnini izləyən çoxdur. Bununla da filmi reklam edirlər. Bu isə düzgün deyil. Düşünürəm ki, filmin təqdimatına mütləq şəkildə jurnalistlər çağırılmalıdır. Film haqqında yaza bilən, oxucuları düzgün istiqamətləndirən, tənqid etməyi bacaran, işinin peşəkarları dəvət olunmalıdır. Eyni zamanda film tənqidçiləri dəvət olunmalıdır. Bu gün Azərbaycanda film tənqidçiləri azdır. Onların sayı çoxalmalıdır ki, düzgün tənqid edərək izləyiciləri düzgün istiqamətləndirə bilsinlər.

— Amma əksər rejissor və aktyorlar tənqidi sevmir və qəbul etmirlər…

— Rejissorların bəziləri var, tənqidə belə cavab verirlər: "Mən filmi belə görürəm". Belə rejissora demək lazımdır ki, sən onu elə görürsənsə və özünə görə çəkmisənsə, apar diski, evində özün bax. Rejissor filmi cəmiyyət üçün çəkir. Ona görə də tənqidlərə də hazır olmalıdır. Həmçinin aktyor da. Təəssüflər olsun ki, Azərbaycanda aktyorluq sənətinə aktyor olmaq üçün yox, ulduz olmaq üçün gəlirlər.

— Aktyor bir-iki filmdə çəkiləndən sonra ulduz olur?

— Nəyin ulduzu? Axı nə filmə çəkilirlər ki, ulduz olurlar? Ulduz olmaq üçün bu sənətə gəlirlərsə, onlardan heç vaxt aktyor olmayacaq. İstedadı var və aktyor olmaq üçün bu sənətə gəlibsə, sənət özü onları ulduza çevirəcək. Amma "Instagram"da izləyicisi çox olmaq onun ulduz olması demək deyil. İndiki rejissorların əksəriyyəti bu gün "Instagram"da izləyicisi çox olan, özlərini aktyor adlandıran vaynerləri filmlərə çəkirlər. Bu absurddur. Amerika ulduzlarının "Instagram"da izləyicisi azdır, amma çölə çıxanda hamı onlarla şəkil çəkdirir. Aktyor belə olmalıdır. Çöldə gedəndə onu tanımalıdırlar, izləyicilərin sayı ilə onu ulduz saymaq olmaz. "Instaqram" səhifəsini pulla da almaq olur… 

Qorxduğu kimi yaşayıb, qorxduğu kimi ölən aktrisa: Onu addım-addım izləyən nə idi?

— Bəzi aktyorlar sizdən inciyir…

— Mən də kənardan bu haqda eşidirəm. Guya ki, bir çoxlarının filmdə çəkilməsinə imkan vermirəm. Kastinqlərdə onların seçilməməsi mənə görədir. Mən aktyor ola-ola bunun necə edə bilərəm? Əgər insan istedadına arxayındırsa, bacarığı varsa, digər aktyor nə karədir ki, onun qarşısını tutsun? Mən rejissora necə deyə bilərəm ki, onu filmdə oynatma? Əgər elə bir şey olsa, rejissor mənim sözümlə hər hansısa bir aktyora filmdə rol verməsə, mən belə rejissora nə hörmət edərəm, nə də onun çəkdiyi filmdə iştirak etmərəm.

Çoxları düşünür ki, İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirən kimi rejissorlar qapısını döyüb ona rollar təklif edəcək. Niyə axı? Aktyor öz üzərində işləməlidir, rejissora özünü göstərməlidir. Bizim sənət tükənən sənətdir. Daima axtarışda olmaq lazımdır ki, yeni obrazlarda oynaya bilək. Vizuallıq da lazımdır. Amma 1-2 filmə məhz görünüşə görə dəvət ala bilərsən. Sonra?! Məncə, oturub başqalarında günah axtarmaqdansa, üzərilərində işləsələr, daha çox uğur qazana bilərlər. Əziz aktyorlar, çox işləyin ki, kastinqə gələndə ayağınızı yerə bərk vura biləsiniz və seçiləsiniz.

— Heç olub ki, hansısa aktyorla bir yerdə işləmək istəməmisiniz və rejissorun qarşısına şərt qoymuşunuz ki, "Ya mən, ya da o"?

— Heç vaxt. Rejissora o sözü demək olar? Əgər mən təklif etsəm ki, filankəs çəkilməsin, mən çəkilim. Və hər hansı bir rejissor bunu qəbul etsə və mən o rejissorla işləsəm, anamın südü mənə qənim olsun. 

Azərbaycanlı aktyor: "Bu işdə işlədiyim üçün qohumlarım məni döydülər"

— Hansı janrda olan filmlərdə çəkilməzsiniz?

— Bir neçə il öncə demişdim ki, heç vaxt komediya janrında olan filmlərdə çəkilmərəm. Qismət elə gətirdi ki, ard-arda 4 komediya filmində çəkildim. Ondan sonra heç vaxt demirəm ki, filan obrazda və ya janrda çəkilmərəm.

— Konkret hansı məbləğ verilməlidir ki, siz filmə çəkiləsiniz?

— Elə obraz var ki, onu bəyənmişəm, hətta təmənnasız çəkilmişəm. Elə obraz olub ki, yükü olmadığı üçün yaxşı pula görə oynamışam. Məsələn, bu gün çox xoşbəxtəm ki, 3 tələbə rejissorun diplom işində dəvət almışam. Mən bəzi aktyorlar kimi tələbədən pul tələb etmirəm. Əksinə, onlara dəstək verirəm və təmənnasız çəkilirəm. Bu gün onlara dəstək oluram. Çünki onlar sabahın rejissorlarıdır.