SƏHİYYƏ

Yeni Narkoloji Mərkəz istifadəyə veriləcək

Mərkəz müayinə və müalicə işini ən yüksək səviyyədə qurmaq üçün ən yeni müasir avadanlıqlarla təchiz edilib
Sputnik

BAKI, 2 mart — Sputnik. Yaxın vaxtlarda yeni Narkoloji Mərkəzin istifadəyə verilməsi nəzərdə tutulub. Bu barədə Sputnik Azərbaycan-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, 4 korpusdan və 300 çarpayıdan ibarət olacaq müəssisə Sabunçu rayonunun ərazisində yerləşəcək: "Yeni Narkoloji Mərkəz müayinə və müalicə işini ən yüksək səviyyədə qurmaq üçün ən yeni müasir avadanlıqlarla təchiz edilib".

Prezident Bakıda yaşanan dəhşətli olayla bağlı təcili göstəriş verdi

Qeyd edək ki, bu gün Bakı şəhərinin Xətai rayonundakı Respublika Narkoloji Mərkəzində yanğın baş verib. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev dərhal hadisənin baş verdiyi Respublika Narkoloji Mərkəzinə gələrək vəziyyətlə tanış olub. Aidiyyəti qurumların rəhbərləri yanğının başvermə səbəbləri və nəticələri barədə dövlətimizin başçısına məlumat veriblər.

Respublika Baş Prokurorluğunun, Fövqəladə Hallar, Daxili İşlər və Səhiyyə nazirliklərinin birgə məlumatına əsasən, yanğın martın 2-də saat 06.10-da beş korpusdan ibarət Respublika Narkoloji Mərkəzinin bir korpusunda baş verib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi, texnikası, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım xidmətləri cəlb edilib. Ərazinin mühafizəsi və xilasedicilərin maneəsiz fəaliyyəti Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının və Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən təmin olunub.

Operativ surətdə həyata keçirilən tədbirlərlə korpusda olan 55 nəfərdən 30-u xilas edilib, onlardan 3-ü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib. Yanğın saat 08:30-da söndürülüb. Hadisə yerinin müayinəsi zamanı 25 nəfərin cəsədi aşkar edilib.

Fakt üzrə Baş Prokurorluq tərəfindən dərhal cinayət işi başlanılıb, həmçinin Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. İlkin araşdırmaların nəticələrinə görə yanğın binanın elektrik şəbəkəsində yaranan nasazlıq səbəbindən baş verib.