CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Cəmiyyətdə şok effekti yaradan iddia həqiqəqi əks etdirirmi?

Məhərrəm Həsənov: "Gələn il nə baş verəcəyini indidən demək olmaz"
Sputnik

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 2 mart — Sputnik. Qışın ötən illərlə müqayisədə daha çox isti keçməsi, qar yağmaması vətəndaşları narahat edir. Çünki qış aylarında havanın temperaturunun yüksək olması, qarın yağmaması bir çox problemlərə gətirib çıxara bilər.

Diqqət: Mart ayı üçün gözləntilər

Sputnik Azərbaycan hər kəsi narahat edən bu problem haqqında Coğrafiya İnstitutunun Elmi işlər üzrə direktor müavini Məhərrəm Həsənovun fikirlərini öyrənib. Builki qışın isti keçməsinin səbəblərinə toxunan mütəxəssisin sözlərinə görə, Azərbaycana 8 istiqamətdən hava kütlələri daxil olur.

"Bu il qış aylarında Azərbaycana cənub və cənub-şərq istiqamətlərindən daha çox tropik hava kütləsi daxil olduğu üçün hava isti keçdi. Belə hava kütlələrində də hava isti keçdiyi üçün qar yağmaq ehtimalı azalır" — o bildirib.

Qurum rəsmisi Azərbaycana nisbətən qonşu ölkələrdə soyuq havanın hökm sürməsinə də aydınlıq gətirib: "Rusiyada arktik hava kütlələrinin tez-tez təkrarlandığı üçün orada daha çox soyuq hava şəraiti müşahidə olunur. Arktik hava kütlələri Azərbaycana gələnə kimi öz xüsusiyyətini itirir və bir qədər mülayimləşir. Bu hava kütlələri ya Xəzər dənizi, ya da Qara dəniz üzərindən Azərbaycana gəldiyi üçün hava kütləsinin mülayimləşməsinə səbəb olur".

"Dediyim kimi, hava kütlələrinin cənub və cənub-şərq istiqamətindən daxil olması Azərbaycanda bu il qar yağmamasına və bəzi yerlərdə isə az yağmasına səbəb olub", — Həsənov deyib.

Mütəxəssis bildirib ki, bu il Azərbaycanda qar yağmaması o demək deyil ki, bundan sonra ölkə ərazisinə qar yağmayacaq: "Bu fikri irəli sürmək düzgün olmaz. Hava kütlələri hər il dəyişir. Ona görə də indidən gələn il nə baş verəcəyini demək olmaz".

Bəd xəbər: Bundan sonra ölkəmizə qar yağmayacaq

M.Həsənov onu da əlavə edib ki, builki qışın mülayim keçməsi qarşıdakı fəsillərdə də öz mənfi təsirini göstərəcək: "Qışın isti keçməsi, qarın az yağması məhsuldarlığın aşağı düşəcəyinə səbəb olacaq, çaylar zamanından tez quruyacaq".

Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun ötən günlərdə mətbuata açıqlaması fərqli fikirlərə və narahatlıqlara yol açıb. "Qış aylarında Bakıya qarın yağmaması iqlim dəyişmələri, iqlimin istiləşməsi ilə bağlıdır. Bundan sonra belə olacaq", — Məmmədov deyib.

O bildirib ki, planetin qlobal temperaturu yüksəlir: "Qış aylarında havaların mülayim keçməsi, fevral ayında qarın yağmaması iqlim dəyişmələri ilə bağlıdır, başqa səbəbi yoxdur. Bunların fəsadlarını həyatımızda mənfi hiss edirik. Qar özü ilə bərəkət gətirir. Başqa tərəfdən, mikroblar ölür, xəstəliklər azalır".

"Eyni zamanda, qarın yağması yuxarı dağlarda su ehtiyatının yığılması deməkdir. İstilər düşəndən sonra qar əriyir, çaylarda ilboyu su olur, insanlar ondan istifadə edirlər. Bütün bunlar olmayacaq. Qlobal istiləşmə təbii ki, insan sağlamlığında mənfi təsirlərini də göstərəcək", — R.Məmmədov vurğulayıb.

İnstitut direktoru Xəzər dənizində suyun səviyyəsinin hazırkı vəziyyətinə də toxunub. Onun sözlərinə görə, suyun səviyyəsi ilə bağlı ciddi narahatlıq yoxdur: "Xəzərdə suyun səviyyəsinin qalxıb-enmə halları müşahidə olunsa da, azdır. Bu, ekstremal hal deyil".