İQTİSADİYYAT

Azərbaycanda əmək haqları artan insanların sayı açıqlandı

Səlim Müslümöv: "10 ay ərzində dövlət büdcəsindən təqribən 100 milyon manat əlavə vəsaitin ayrılması nəzərdə tutulub"
Sputnik

BAKI, 2 mart — Sputnik. "Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin son günlərdə imzaladığı Sərəncamlarla elmi və elmi tədiqat müəssisələrində, təhsil və səhiyyə müəssisələrində, sosial təminat müəssisələrində çalışan və əmək haqları dövlət büdcəsindən maliyyələşdirilən işçilərin əmək haqları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb. Bu Sərəncamlar 4 kateqoriya üzrə təqribən 355 min nəfərə şamil olunur".

Əmək və əhalinin sosial müdafiəsi nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu sözləri Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Siyəzən şəhərində vətəndaş qəbulu zamanı jurnalistlərə açıqlamasında bildirib.

Müəllimlərin maaş artımına dair nazirlikdən açıqlama

Nazir vurğulayıb ki, həmin insanlardan 200 min nəfərə yaxını təhsil müəssisələrində, 140 min nəfərə yaxını səhiyyə müəssisələrində, 13 min nəfərə yaxını elmi və elmi tədqiqat müəssisələrində, 2 min nəfərə yaxını isə sosial təminat müəssisələrində çalışanlardır.

Nazir diqqətə çatdırıb ki, sərəncamlara əsasən, qeyd olunan işçilərin əmək haqlarının artırılması üçün cari ilin sonunadək, yəni 10 ay ərzində dövlət büdcəsindən təqribən 100 milyon manat əlavə vəsaitin ayrılması nəzərdə tutulub.