CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şəhidlər Xiyabanı ilə bağlı "həyəcan siqnalı"na cavab: "Təhlükə "Əbədi Məşəl"ə çatarsa..."

Bayıl yamacındakı sürüşmə Şəhidlər Xiyabanını da təhlükə altına salır? - Rəsmi mövqe
Sputnik

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 1 mart — Sputnik. Artıq bir neçə aydır ki, Bayıl yamacında sürüşmə aktiv fazaya keçib. Ərazidə iri diametrli çatlar yaranır, torpaq parçalanır. Sürüşmə zonasında yaşayan 98 ailə artıq evlərindən çıxarılıb, kirayə mənzillərdə yaşamaları üçün pul ayrılıb.

Qeyd edək ki, sürüşmə artıq özünü Şəhidlər Xiyabanının ətrafında da göstərir. Xiyabanda "Əbədi Məşəl" kompleksinin yaxınlığında sürüşmə artıq başlayıb. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarətində olan sözügedən ərazidə komitənin əməkdaşları tərəfindən xeyli sayda mayaklar qoyulub.

Sputnik Azərbaycan sürüşmənin şəhidlərin uyuduğu məzarlara təsir edib-etməyəcəyini öyrənmək üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət edib. Komitənin sədr müavini Dövlətxan Dövlətxanov saytımıza açıqlamasında bildirib ki, Bayıl yamacında sürüşmə hadisəsi "Əbədi Məşəl" kompleksinin yerləşdiyi yamacdan aralı, qonşu yamacda baş verir.

1 / 8
Şəhidlər Xiyabanı ərazisində torpaq sürüşməsi nəticəsində yaranmış çatlar
2 / 8
Şəhidlər Xiyabanı ərazisində torpaq sürüşməsi nəticəsində yaranmış çatlar
3 / 8
Şəhidlər Xiyabanı ərazisində torpaq sürüşməsi nəticəsində yaranmış çatlar
4 / 8
Şəhidlər Xiyabanı ərazisində torpaq sürüşməsi nəticəsində yaranmış çatlar
5 / 8
Şəhidlər Xiyabanı ərazisində torpaq sürüşməsi nəticəsində yaranmış çatlar
6 / 8
Şəhidlər Xiyabanı ərazisində torpaq sürüşməsi nəticəsində yaranmış çatlar
7 / 8
Şəhidlər Xiyabanı ərazisində torpaq sürüşməsi nəticəsində yaranmış çatlar
8 / 8
Şəhidlər Xiyabanı ərazisində torpaq sürüşməsi nəticəsində yaranmış çatlar

"Bu sürüşmə deformasiyaları ilə bağlı "Əbədi Məşəl" kompleksi yerləşən ərazidə qoyulmuş mayaklara nəzarət gücləndirilib" — deyən qurum rəsmisi "Əbədi Məşəl" kompleksi yerləşən sahədə nəzərəçarpacaq sürüşmə deformasiyalarına rast gəlinmədiyini vurğulayıb.

D.Dövlətxanov qeyd edib ki, "Əbədi Məşəl" kompleksi yerləşən ərazidə müşahidələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin tapşırığına əsasən, Komitənin tabeliyində olan Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu tərəfindən aparılır: "Müşahidələr "Əbədi Məşəl" kompleksi ərazisində divar elementləri üzərində 20 yerdə qoyulmuş mayaklar vasitəsi ilə davamlı olaraq aparılır. Zədələnmiş və ya qopmuş mayaklar əvəzlənir".

"Müşahidələrin nəticələri hər ay hesabat şəklində Nazirlər Kabinetinə tərəfimizdən təqdim edilir. Müşahidələr aparıldığı dövrdə "Əbədi Məşəl" kompleksi yerləşən ərazidə sürüşmə prosesinin aktivləşməsi qeydə alınmayıb. Aparılmış müşahidələr "Əbədi Məşəl" kompleksi yerləşən ərazi üçün hal-hazırda təhlükə yaranmadığını göstərir", — sədr müavini deyib.

D.Dövlətxanov əlavə edib ki, Bayıl yamacında baş vermiş sürüşmənin səbəbləri Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və aidiyyatı üzrə digər dövlət qurumlarının mütəxəssisləri tərəfindən araşdırılır və bu barədə mətbuatda məlumatlar dərc edilir: "Əbədi Məşəl" kompleksi yerləşən ərazidə qoyulmuş mayaklarda çatlar genişlənərsə, təcili olaraq aidiyyatı qurumlar müvafiq tədbirlər görəcəklər".

Xatırladaq ki, Bayıl yamacında baş vermiş sürüşməni mütəxəssislər yamacın kəsilərək ərazidə tikinti işlərinin aparılması ilə əlaqələndirirlər.