BAKI, 1 mart — Sputnik. Cənubi Asiya vətəndaşları mühacirət üçün Azərbaycanı seçirlər və bu axının sonu görünmür. Bu günlərdə Azərbaycan Dövlət Miqrasiya Xidmətinin əməkdaşları respublika ərazisində qeyri-qanuni yaşayan üçüncü dünya ölkələrinin 11 vətəndaşını saxlayıblar. Bu barədə Dövlət Miqrasiya Xidmətinin (DMX) rəsmi saytında məlumat verilib.
Qeyd edilir ki, DMX tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri davam etdirilir. Onun qanunsuz miqrasiyaya qarşı keçirdiyi tədbirlər zamanı 5 nəfər Hindistan, 3 nəfər Pakistan, 2 nəfər Banqladeş və 1 nəfər Əfqanıstan vətəndaşı olmaqla, ümumilikdə 11 nəfər əcnəbi saxlanılıb.
Araşdırma zamanı saxlanılan əcnəbilərdən 2 nəfər Pakistan və 2 nəfər Banqladeş vətəndaşının Azərbaycan Respublikasına guya biznes fəaliyyəti ilə məşğul olacaqları adı altında gəldikləri, lakin onların biznes sahəsində heç bir fəaliyyətlərinin olmadığı, müraciətlərinin yalnız ölkədə yaşamaq və sərbəst hərəkət etmək məqsədi daşıdığı məlum olub.
Saxlanılan digər əcnəbilərin Azərbaycan Respublikasının ərazisində olma və yaşama qaydalarını pozduqları aşkar edilib.
Bununla da əcnəbilər tərəfindən Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyinin tələblərinin pozulduğu müəyyən edilib və barələrində müvafiq inzibati tədbirlər görülüb.
Qeyd edək ki, AR DMX-nin əməkdaşları mütəmadi olaraq, respublika ərazisində qeyri-leqal yaşayan Cənubi Asiya ölkələrinin vədəndaşlarını müəyyən edərək ölkə sərhədlərindən çıxarırlar.