SƏHİYYƏ

Bədənimizdə vitamin çatışmazlığını necə bilək?

Orqanizmdə uzun müddətli yorğunluq, zehnin bulanıqlığı və fiziki koordinasya pozuqluğu hiss edilməsi B1 vitamini çatışmazlığına işarədir
Sputnik

BAKI, 1 mart — Sputnik. Orqanizmdə vitamin çatışmazlığı səbəbindən bir çox problemlər yaranır. Bəs vitamin çatışmazlığının əlamətləri nələrdir?

Sputnik Azərbaycan ailem.az-a istinadən türkiyəli professor Birsəl Kavaklının fikirlərini təqdim edir.

1. Görmə problemləri

Görmə problemlərinin yaşanması orqanizminizdə A vitamini çatışmazlığına işarə ola bilər. A vitamini normal və gecə görmədə dəstək verən bir vitamin növüdür. A vitamini çatışmadıqda gözdə kseroftalmi, yəni göz ağı və kormea parlaqlığını itirərək gecə korluğu kimi problemlər ortaya çıxarır.

2. Uzun müddətli yorğunluq

Orqanizmdə uzun müddətli yorğunluq, zehnin bulanıqlığı və fiziki koordinasya pozuqluğu hiss edilməsi B1 vitamini çatışmazlığına işarədir. B1, xüsusilə, beynin enerji istehsalı üçün lazımlı bir vitamindir.

3. Dil və dəridə çatlar

Bəzi dəri xəstəlikləri və sinir sistemi pozuntuları B6 vitamini çatışmazlığından qaynaqlanır. Xüsusilə dodaq və dil çatlaması kimi əlamətlər orqanizmdə B6 vitamini çatışmazlığına işarə edə bilir. Bu vitamin çatışmadıqda hüceyrə yenilənməsi yavaşlayır və iltihablanma kimi dəri problemləri olur.

4. Qanazlığı

Qanazlığı bəzən vitamin çatışmazlığının bir işarəsi ola bilər. Fol turşusu B vitamini ailəsinin bir üzvüdür. Fol, ya da B9 vitamini olaraq bilinir. B9 vitamini çatışmazlığı qan azlığının yaranmasına yol açan bir səbəbdir. DNT sintezi və hüceyrə bölünməsi zamanı əhəmiyyəti olan vitamin növüdür.

5. Zehni yorğunluq

Uzun müddətli yaşanan zehni yorğunluq B12 vitamini çatışmazlığını işarə edir. B12 vitamin çatışmazlığı zehni fəaliyyətə təsir edən bir vəziyyətdir. Zehni yorğunluq zamanla intellektual bacarıqların da yavaşlamasına yol açır. Əgər şəxsin uzun müddətdir unutqanlıq, hafizə itkisi kimi problemləri varsa, mütləq qanda B12 vitamininin səviyyəsi yoxlanılmalıdır.

6. Dəridə asanlıqla yaranan qaralmalar

Bədəndə asanlıqla qaralmaların yaranması, ya da dəridə qırmızı-mavi rəngdə ləkələrin və nöqtələrin görülməsi C vitamini çatışmazlığını göstərir. C vitamini çatışmazlığı bədəndə müxtəlif toxumaların zərər görməsinə səbəb ola bilər.

7. Sümük ağrıları

Orqanizmdə D vitamini çatışmazlığı özünü sümük ağrısı, sümük əriməsi olaraq göstərə bilər. Çatışmazlıq nəticəsində yaranan sümük ağrıları bütün orqanizmdə hiss edilir. Bu ağrılara zamanla halsızlıq da qatılır.

8. Əzələ itkisi

Əzələlərdə yaranan zəiflik və gücsüzlük E vitamini çatışmazlığından qaynaqlana bilər. E vitamini çatışmazlığı əzələlərdə zamanla zəifləməyə yol aça bilir.

9. Həddindən artıq qanamalar

Orqanizmdə meydana gələn həddindən artıq qanamalar K vitamini çatışmazlığından yaranır. Menstruasiya qanamalarının uzun sürməsi, səbəbsiz yerə diş əti və burun qanamalarının yaranması, sidikdə qan görülməsi K vitamini çatışmazlığına işarədir.

10. Cansız dırnaq və saçlar

Saç və dırnaq bölgələrində yaşanan problemlər H vitamini, digər adı ilə biotin, ya da B7 vitamini çatışmazlığına işarə edə bilər. Saçlarda kəpəklənmə, tökülmə, cansızlıq, qırılmalar olur. Dırnaqlarda tez qırılma, yumşalma, ağ ləkələr və yavaş uzanma kimi əlamətlər ortaya çıxır.