CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda fenomenal etibar sahibi: 40 ildir gözləyir ki...

"Dəfələrlə istəyən olsa da satmadım, özü gəlməz, oğlu gələr, nəvəsi gələr, nə cavab verərəm, pula görə etibarımı itirə bilmərəm deyə fikirləşdim"
Sputnik

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 28 fevral — Sputnik. O, ən qədim sənətlərdən olan pinəçiliklə məşğul olur. Göründüyü qədər də adi olmayan bu peşəsi ilə nəinki Azərbaycanda, eləcə də qonşu ölkələrdə kifayət qədər məşhurlaşa bilib. Bu gün də 80-ə yaxın yaşı olmasına baxmayaraq, yenə işinin başındadır və ömrü bitənə qədər sənəti yaşatmaq xətrinə sənətkarlıq etməyə qərarlıdır.

Qazax rayon sakini Aydın Bayramovun sənətə ola marağı onun 14 yaşında məktəbi yarımçıq qoyaraq pinəçi yanında şagird olmasına səbəb olub. Ömrünün 63 ilini bu işə həsr edən pinəçi özü və peşəsi barədə Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışıb.

"Məktəbimizin yanında pinəçi emalatxanası vardı. Hər ordan keçəndə dayanıb ustaların əlinə baxardım. 14 yaşımda atamın razılığı ilə Qazaxda məşhur pinəçi olan Ləzgi Əhmədin yanında şəyirdliyə başladım", — deyə usta öz həyat hekayəsini danışır.

Pinəçi deyir ki, indi bu sənətdən maddi yox, mənəvi rahatlıq tapır: "Rəhmətlik ustam həmişə deyərdi ki, 30 yaşına kimi usta sənəti işlədir, 30 yaşdan sonra sənət ustanı işlədir. Məni indi sənət işlədir, boş dayana bilmirəm. Övladlarım qoymurlar, deyirlər, "işləmə, bəsdir". Onlara başa salıram ki, bunu ehtiyacdan etmirəm, mən sənətlə nəfəs alıram, bununla rahatlıq tapıram".

Pinəçi Aydın Bayramov

İşinin ustası olan sənətkar danışır ki, vaxtilə Gürcüstan və Ermənistan sənətkarları arasında çox məşhur olub: "O vaxtlar xammal almaq üçün Tiflisə, İrəvana tez-tez gedirdim. Hara gedirdimsə, oranın pinəçiləri, çəkməçiləri başıma yığışır, hərəsi bir məsləhət alırdı. Aldıqlarımdan əlavə də nə qədər pay verirdilər. Götürmək istəməsəm də, deyirdilər ki, sənin hər məsləhətin bizə daha artığını qazandıracaq".

Yaşlı pinəçi, Çin istehsalı olan ucuz ayaqqabılar satılandan sonra tikilmə ayaqqabılara marağın azaldığını, lakin sağlamlığına fikir verən adamların bu gün də tikilmə ayaqqabı sifariş verdiyini bildirir və onlar arasındakı fərqi izah edir: "Satışda olan ayaqqabıların üzü, içi "klyonkadır", ayağı tərlədir. İçliyinin (stelkası) nədən hazırlandığı heç bilinmir. Amma pinəçi ayaqqabılarının üzü də, astarı da dəri olur. "Stelkasına" padoş qoyulur. Həm dözümlü olur, həm də sağlamlığı qoruyur. Ona görə bu gündə ayaqqabı sifariş verənlər kifayət qədərdir".

"Hətta Qazaxdan köçüb Rusiyada yaşayan müəyyən adamların ayaq ölçüləri var məndə. Oradan zəng edib ayaqqabı sifariş edirlər. Tikib hazırlayıram, qohumları gəlib götürüb göndərirlər", — deyir usta.

Aydın ustaya ən çox şöhrət qazandıran isə tikdiyi xrom çəkmələr olub: "O vaxt bütün rayon katibləri, kolxoz sədrləri, aşıqlar çəkmə geyinirdi. 2 il sonraya sifariş götürürdüm, yaxşı tikirdim deyə gözləyirdilər. Gürcüstandan tutmuş, Bakıya qədər bütün aşıqların çəkmələrini mən tikirdim. Bəlkə bu gün də hələ geyinənlər var o çəkmələri".

A.Bayramov 40 il əvvəl bir gürcüstanlı aşığa çəkmə tikdiyini, lakin gəlib götürmədiyinə görə hələ də saxladığını deyir: "1978-ci ildə Qaraçöpdən (hazırkı Gürcüstan respublikasında kənd — İ.M) bir aşıq gəldi, səhv eləmirəmsə, İbrahim idi adı. İri cüssəli, pəhləvan kimi adam idi. Sifariş verdi, ayağının ölçüsünü götürdüm. Demişdim, iki aya hazır olacaq, gəlib götürərsən. Üstündən 40-cı il keçsə də, hələ gəlməyib".

Yaşlı sənətkar bu illər ərzində o çəkməni dəfələrlə almaq istəyənin olduğunu, lakin etibarını itirməkdən qorxaraq heç vaxt satmadığını bildirir: "40 ildir yolunu gözləmişəm. Bəlkə, 100 dəfə istəyiblər. Amma satmamışam. Fikirləşmişəm ki, özü gəlməz, oğlu gələr, nəvəsi gələr, onlara nə cavab verərəm".

Qırx ildir müştərisinin yolunu gözləyən usta

"Deyim ki, etibarsızlıq edib sənin sifarişini başqa adama satmışam? Bəlkə də heç sağ deyil. Nə bilmək olar, bəlkə kiməsə vəsiyyət edib ki, qazaxlı Aydına ayaqqabı sifariş vermişəm, onu götürərsiniz. 5-10 manata görə biabır ola bilmərəm, nə qədər yaşayıram, onu da saxlayacağam", — deyir Aydın usta.

Yaşlı pinəçi son vaxtlar "sənətkarların" daha da çoxalaraq sənəti gözdən salmalarından gileylənir, "nə qədər canımda can var, nə qədər əlim tutub, gözüm görür, bu sənəti yaşatmaq üçün işləyəcəyəm", — deyir.