Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 27 fevral — Sputnik. Ölkəmizin hər tərəfində sahibsiz heyvanlara rast gəlmək mümkündür. Sahibsiz heyvanlar üçün sığınacaqlar yaradılmasına baxmayaraq, hələ də onların öldürülməsi hallarına rast gəlinir.
Bu heyvanların öldürülməsi isə cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Vətəndaşların bəziləri belə heyvanların öldürülməsinin tərəfdarı olsa da, əksəriyyət buna qarşıdır və heyvanların öldürülməməsini tələb edir.
Bu günlərdə Quba rayonunda bir neçə sahibsiz küçə itinin avtomobillə vurularaq öldürülməsi və günlərlə küçələrdə qalması rayon sakinlərinin etirazına səbəb olub. Bu barədə Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışan qubalıların sözlərinə görə, mərkəzi küçələrdə öldürülən itlərin leşləri günlərlə vuralan yerlərdə qalır və ətrafı xoşagəlməz qoxu bürüyür. Bu da öz növbəsində müxtəlif xəstəliklərin yaranmasına yol açır.
Rayon sakini Sevinc Ağasiyeva sahibsiz heyvanların öldürülməsini insanlığa sığmayan hərəkət kimi qiymətləndirir və aidiyyatı qurumları belə halların qarşısının alınması üçün tədbirlər görməyə çağırır: "Dünyanın hər yerində, demək olar ki, sahibsiz heyvanlar var. Bu, o demək deyil ki, onların hamısı öldürülməlidir. Onlar üçün sığınacaqlar yaradılır və orada yaxşı şəraitdə saxlanılması təmin edilir".
"Ölkəmizdə isə bu cür sığınacaqlar çox azdır. Bəzən itlər quduz olub-olmadıqları yoxlanılmadan tələf edilirlər. Bu da insanlığa sığmayan hərəkətdir", — deyir S.Ağasiyeva.
Məsələ ilə bağlı Qubar Rayon Baytarlıq İdarəsindən münasibət öyrənmək istəsək də, dəfələrlə etdiyimiz cəhdlər nəticəsiz qaldı.