CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dövlət agentliyindən saxta düyü və yumurta barədə açıqlama

Azərbaycan istehlakçıları saxta qidalardan və aşağı keyfiyyətdən şikayətçidir, Agentlik isə şikayətləri onlara ünvanlamağı tövsiyə edir
Sputnik

BAKI, 27 fevral — Sputnik. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (QTA) ticarət mərkəzlərində audit yoxlaması həyata keçirə bilər. Əgər vətəndaşlardan müraciət və ya şikayət daxil olarsa, QTA tərəfindən faktla bağlı həmin satış nöqtəsində audit aparılacaq, təqdim olunan material laboratoriyada analiz ediləcək, faktlar öz təsdiqini taparsa, qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlər həyata keçiriləcək. 

Sputnik Azərbaycan-ın məlumatına görə, sosial şəbəkələrdə ölkədə saxta düyünün satıldığı barədə növbəti video yayılıb. Kişi düyüləri tavada əridərək onların plastik olduğunu iddia edir.

Düyü zahirən adi bir məhsul kimi görünsə də, videonun müəllifi iddia edir ki, o, düyünün dadına baxıb və ondan razı qalmayıb. Onun düyülərin tavada əriməsindən bəhs edən videosu sosial şəbəkə istifadəçilərini iki düşərgəyə bölüb. Şərh yazan istifadəçilərin bir qismi istehsalçıları və mağazaları günahlandırıb. Digər qismi isə video müəllifinin düyünün əriməsini aydın nümayiş etdirə bilmədiyini, plastik düyü əhvalatının sensasiya xatirinə uydurulduğunu qeyd edib.

Lakin QTA-dan bildiriblər ki, indiyə qədər onlara "plastik düyü" və ya "saxta toyuq yumurtası" barədə şikayət daxil olmayıb. Əgər bu tip şikayətlər olarsa, QTA vətəndaşları dərhal agentliyin "qaynar xətti" — (012) 565- 12-72 və ya (012) 565-12-82 nömrələri vasitəsilə onlara müraciət etməyə çağırıb. 

QTA gənc qurumdur və 2018-ci ilin yanvarından ancaq fəaliyyətə başlayıb. Agentliyin nümayəndələri bildiriblər ki, heç bir şikayət diqqətdən kənarda qalmayacaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görüləcək.