BAKI, 26 fevral — Sputnik. Türkiyənin haqqında qırmızı bülleten çıxardaraq beynəlxalq axtarışa verdiyi PYD terror təşkilatının lideri Saleh Müslim Çexiyada həbs olunub. Sputnik Azərbaycan "Timeturk"ə istinadən xəbər verir ki, o, müvəqqəti saxlanılıb və barəsində çex məhkəməsində iş açılıb. Məhkəmə Türkiyədən Saleh Müslimi nə üçün axtarışa verməsi barədə sənədlər istəyib. Məlumata görə, Türkiyənin Ədliyyə nazirliyi sənədləri yaxın günlərdə Praqadakı məhkəməyə göndərəcək.
Amma bu, terrorçu liderin Türkiyəyə təhvil veriləcəyi mənasına gəlmir. Analitiklər iddia edir ki, çexiyalı hakimlərin Ankaranı sevindirəcəyi o qədər də real görünmür. Çünki məhkəmənin Saleh Müslimi terrorçu kimi tanıyıb-tanımayacağı şübhə doğurur. Hər nə qədər Türkiyə PYD-ni PKK terror təşkilatının Suriyadakı qolu adlandırsa da, bu fakt beynəlxalq arenada hələlik öz əksini tapmayıb.
Amerikanın PYD ilə yaxın əlaqədə olması göz qabağındadır. Hətta Ağ Evdə PYD barəsində müttəfiq ifadələri dəfələrlə işlənib. Avropa ölkələri də PYD-ni terrorçu olaraq görmür. Çexiyanın isə PYD-PKK-ya hansı münasibəti bəslədiyi bəlli deyil. Belə olan halda çex məhkəməsinin nəyi əsas gətirərək Saleh Müslimi Türkiyəyə təhvil verəcəyi müəmmalı olaraq qalır.