Türkiyə irəliləyir: "Zeytun budağı"nda ikinci mərhələ başlayır

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində həyata keçirdiyi "Zeytun budağı" əməliyyatının ikinci mərhələsi müzakirə edilib
Sputnik

BAKI, 24 fevral — Sputnik. Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində həyata keçirdiyi "Zeytun budağı" əməliyyatının ikinci mərhələsi müzakirə edilib.

Sputnik Azərbaycan "Haberlər"ə istinadla xəbər verir ki, ikinci mərhələdə bir sıra məntəqələrdə əməliyyatların aparılması üçün ərazilərin mühasirəyə alınmasına başlanacaq. Terror təşkilatı PKK/PYD-nin qarşısının alınması üçün Tel Rifat ərazisi nəzarət altına alınacaq.

İkinci mərhələ "Zeytun budağı" əməliyyatının 35-ci günündə başlayır. Əməliyyatın ilk mərhələsində hədəfə çatıldığını qeyd edən hərbi mənbələr, 415 kilometrlik bir sahənin təmizləndiyini və Afrinin 25 faizinin nəzarət altına alındığını bildirirlər.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Afrində “Zeytun budağı” adlı əməliyyatını davam etdirir. Bir aydır davam edən əməliyyat nəticəsində 1931 terrorçu məhv edilib. Yüzə yaxın yaşayış məntəqəsi və strateji yüksəkliklər PYD-dən azad edilib.