CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İstifadəsiz, vaxtı keçmiş əşyalardan xariqələr yaradan gənc qız

"Bir qəlbi sevindirmək mənə bütün əziyyətlərimi unutdurur"
Sputnik

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 24 fevral — Sputnik. Adi plastik butulkalar, kibrit çöpləri, paltar asmaq üçün "şpilkalar" onun əlində fincan, səbət, ev və avtomobillərə çevrilir. Düzdür, onlardan təyinatı üzrə istifadə etmək mümkün deyil, ancaq bu əşyalar onlarla insanın sevincinə, fərəhinə səbəb olur. Elə bu əşyaların müəllifinin də əsas istəyi odur — hazırladığı suvenirlərdən hədiyyə edərək insanların sevincinə səbəb olmaq.

Onun bacarmadığı sənət yoxdur

Yevlax şəhər sakini Nüşabə Məmmədova 4 ildir müxtəlif suvenirlər hazırlamaqla məşğuldur. Onları ərsəyə gətirmək üçün isə xammal kimi adi, istifadə müddəti bitmiş lazımsız əşyalardan istifadə edir. Bu sahəni heç bir müəllimdən öyrənmədiyini deyən Nüşabə öz suvenirlərinin məişət və mətbəxdə də işə yaradığını bildirir.

"Bu işdə əsas ideyadır. İşlədikcə də yeni-yeni formalar gəlir ağlıma. Məsələn, əvvəllər hazırladığım yalnız suvenir olurdusa, hazırda elə əşyalar düzəldirəm ki, onlardan məişət və mətbəxdə də istifadə etmək mümkün olsun. Ev formalı şirniyyat qabları, yaxud güzgü qarşısında kosmetika dəstlərini qoymaq üçün stullar, qəndqabılar daha maraqlı olur" – deyə o əlavə edir.

Nüşabə hazırladığı əşyaların o qədər də xərc aparmadığını, əsasən, vaxt itkisinə səbəb olduğunu, incəlik və diqqət tələb etdiyini deyir: "Bir kibrit çöpünü düz qoymayanda bütün iş pozulur, incəlik tələb etdiyi üçün beynim yorulur. Lakin məşğul olduqca bir növ rahatlıq tapıram, bu səbəbdən də heç vaxt yorulmuram".

1 / 3
Nüşabə Məmmədovanın hazırladığı suvenirlər
2 / 3
Nüşabə Məmmədovanın hazırladığı suvenirlər
3 / 3
Nüşabə Məmmədovanın hazırladığı suvenirlər

Müsahibimiz deyir ki, yeni işə başlayan zaman atası Nüşabənin istəyinə qarşı çıxmaq istəsə də, sonradan qızının hazırladıqları onun da diqqətini cəlb edib: "Atam əvvəl düşünürdü ki, irəliləyə bilməyəcəm, adi şeylər düzəldib həvəsdən düşəcəm. Hətta bir neçə dəfə isti yapışqanla əlimi də yandırdım. Evdəkilər dedi ki, daha əl çəkərsən bu işdən, amma mən həvəsdən düşmədim, davam elədim. Zaman keçdikcə keçici həvəs olmadığını görüb mane olmadılar".

Düzəltdiyi sənət əsərlərini satmağa əli gəlməyən usta

Nüşabə hazırladığı suvenirləri, demək olar ki, satmır, onları hədiyyə etməyi xoşlayır. Bu isə qarşı tərəfin daha çox sevincinə səbəb olur.

"Satış haqda fikirləşmirəm. İndiyədək uzağı bir, ya iki əl işimi satmışam. Hər biri mənim üçün əzizdir deyə qiymət də qoya bilmirəm. Ən çox hədiyyə edirəm. Kiməsə hədiyyə verəndə o, "sən bunu mənə görə edibsən" deyə o qədər sevinir ki. Bir qəlbi sevindirmək mənə bütün əziyyətlərimi unutdurur. Mən də bundan zövq alıram" – deyir istedadlı həmsöhbətimiz.

Nüşabə bu yaxınlarda əl işlərindən ibarət sərgi keçirmək istəyindədir. O, sərgiyə xüsusi və qeyri-adi suvenirlər çıxarmaq məqsədilə durmadan çalışır.