BAKI, 23 fevral — Sputnik. Türkiyənin döyüş təyyarələri Afrinə silah-sursat daşıyan 30-40 avtomobildən ibarət maşın karvanını vurub. Sputnik Azərbaycan xəbər verir ki, görüntüləri Türkiyə Silah Qüvvələrinin Baş Qərargahı internetdə paylaşıb.
“PKK/PYD-YPG və İŞİD terror qruplaşmalarına aid 30-40 avtomobildən ibarət kartej Afrinin cənub-şərqindən şəhərə daxil olmağa cəhd edib. Onlar PYD-li terrorçulara silah-sursat daşıyırmış. 15 km məsafədə yerləşən kartej təsbit edilərək havadan bombalanıb. Atəş nəticəsində mülki sakinlərə zərər dəyməyib”, — Baş Qərargahıdan bildirilib.
Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri Azad Suriya Ordusu ilə birlikdə Afrində “Zeytun budağı” adlı əməliyyatını davam etdirir. Bir aydır davam edən əməliyyat nəticəsində 1873 terrorçu məhv edilib. Yüzə yaxın yaşayış məntəqəsi və strateji yüksəkliklər PYD-dən azad edilib.