BAKI, 22 fevral — Sputnik. “Həm Mərkəzi Seçki Komissiyası, həm də Azərbaycan parlamenti bütün beynəlxalq təşkilatlara müraciət göndərib ki, gəlib Azərbaycanda prezident seçkiləri ilə bağlı müşahidə aparsınlar”.
Bunu Sputnik Azərbaycan-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
Onun sözlərinə görə, ATƏT və ATƏT-in Demokratik təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) nümayəndələri artıq Bakıdadır. Artıq görüşlər müəyyənləşdirib. Digər ölkə parlamentlərinin nümayəndələri, Avropadan və Asiyadan olan parlamentlər, Yaponiyadan başlamış bir çox dünya ölkələrindən müşahidəçilər Azərbaycana gələcəklərini bildiriblər”.
Novruzovun sözlərinə görə, Azərbaycandakı seçkilər tam, açıq, şəffaf, ədalətli və demokratik keçiriləcək: “Azərbaycanda bütün namizədlər üçün bərabər şərait yaradılıb. Həm qanunvericiliyimiz var, həmçinin də yaranmış ictimai-siyasi sabitlik Azərbaycanda tam ədalətli seçkilərin keçirilməsinə şərait yaradır. O baxımdan da indidən başa çatmamış seçki barədə yersiz tənqidi fikirlər söyləyənlər gələcəkdə Azərbaycan əleyhinə hazırlanan bəyanatlar üçün zəmin formalaşdırmaq istəyirlər. Belə qüvvələr çalışırlar ki, ölkəmizə qarşı həmişə bir təzyiq metodu saxlasınlar”.