CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Səbail İcra Hakimiyyəti məsələyə aydınlıq gətirdi

O qeyd etdi ki, kim sənədlərini təqdim edibsə, pulunu da alıb
Sputnik

BAKI, 22 fevral — Sputnik. "Dünən və bu gün 67 ailəyə kirayə haqqı verilib və sığınacaqda olanların köçürülməsi üçün müəyyən işlər görülüb". Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Səbail rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov deyib.

Onun sözlərinə görə, kirayə haqqı verilən vətəndaşların 163 saylı məktəbdəki sığınacaqdan çıxıb kirayə evlərə köçmələri üçün avtomobil və işçi qüvvəsi ayrılıb.

"Vətəndaşlar sığınacaqda olan müddətdə isti yeməklə təmin ediliblər. Hazırda sığınacaqda hələ də 6-7 nəfər var. Onlar kirayə evləri hazır olana qədər qalacaqlar. Sakinlərə kirayə haqqı verildisə, onlar burada qalmalı deyil".

İ.Kərimov 98 ailədən niyə 67–nə kirayə haqqının verilib, digərlərinə verilməməsinə də aydınlıq gətirdi. O qeyd etdi ki, "kim sənədlərini təqdim edibsə, pulunu da alıb".