Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan
BAKI, 22 fevral — Sputnik. Son günlər ölkəmizdəki gənclər arasında baş verən hadisələrdən, tez-tez şantaj və Azərbaycanın adına çıxarılan yalan videolardan sonra İKT üzrə ekspert Cahid İsmayıloğlu belə bir təklif irəli sürüb. O bildirib ki, təcili olaraq ölkəmizdə "Youtube" sosial şəbəkəsi bağlanmalıdır.
Ekspert fikrini belə əsaslandırıb: "Biz həmişə deyirik ki, Azərbaycanda azad internet mühiti var. Ancaq bundan sui-istifadə edənlər var və bu, günü-gündən təhdid halını alır. Bu səbəbdən internetə süzgəc tətbiq edilməsi vacib hala çevrilib. Nəzərə alsaq ki, Azərbaycanda "Youtube" sosial şəbəkəsinin istifadəçilərinin sayı da günü-gündən artmaqdadır, ölkəmiz həssas sayılacaq bir zamanda bu həssas məqamdan sui-istifadə edib ölkəmizə maksimum zərər vurmaq istəyən qüvvələr bu platformada aktivləşiblər”.
“Dağıdıcı çağırışlar, montaj edilmiş şantaj və təhqir xarakterli video çarxlar, qondarma inforqraflar və s. bu video paylaşım səhifəsində sürətlə yayılmaqda və yüz minlərlə izlənilməkdədir. Bu yolla hadisələri manipulyasiya edərək ictimai fikirdə çaşqınlıq yaratmağa çalışırlar. Düşünürəm ki, təcili olaraq ölkəmizdə "Youtube" sosial şəbəkəsi bağlanmalıdır" — deyə C.İsmayıloğlu əlavə edib.
Məsələyə münasibət bildirən İKT üzrə ekspert Vahid Qasımov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, "Youtube" kanalının bağlanması tamamilə düzgün fikir deyil: “İstər “Youtube”, istər "Twitter", istər digər şəbəkələr sadəcə alətdir. Məsələ alətdə deyil, alətdən necə istifadə olunmasındadır. Əgər bir nəfər çəkiclə əlini əzəcəksə, bu, o demək deyil ki, çəkicdən istifadə olunmamalıdır. "Youtube"nin içərisində milyonlarla öyrədici video olduğu halda, bir neçə nəfərə görə insanları "Youtube"dən məhrum etmək olmaz".
V.Qasımov vurğulayıb ki, eyni zamanda “Youtube”nin gözəl xüsusiyyəti var. Əgər kiminsə əxlaqını pozan, şantaj xarakterli video varsa, onu şikayət edərək sildirmək mümkündür. "Youtube" rəhbərliyi insanların psixologiyasını pozacaq videoların yayılmasına qarşı olduğu üçün şikayətlərə tez bir zamanda reaksiya verir.
“Ən əsası, uşaqların, gənclərin tərbiyəsinin və psixologiyasının pozulasını istəmirsinizsə, o zaman valideynlər uşaqlarına tərbiyə verməlidir. "Youtube"ni bağlamaqla heç nə düzələn deyil. Onsuz tərbiyə pozan və psixologiyaya təsir edən materiallar və videolar başqa sosial şəbəkələrdə, saytlarda kifayət qədər çoxdur və orada da istənilən bu tip videoları yaymaq mümkündür. Baxmaq və yaymaq istəyənlər o saytlardan da istifadə edib baxa biləcək", – deyə ekspert bildirib.
Sputnik Azərbaycan-a danışan sosioloq Cavid Şahmalıyev isə vurğulayıb ki, "Youtube"nin digər kanallara nisbətən daha təhlükəli hesab edilməsi yanlış fikirdir: "Əslində reallıq tam başqadır. "Youtube" şirkəti beynəlxalq qanunvericiliyə uyğun olaraq işləyir. Yerləşdirilən videolarda uşaq hüquqları haqqında konvensiyaya, insan hüquqlarını qorumağa çalışır. Əgər videoda zorakılıq, şantaj və bu kimi hallar olarsa, şirkət özü bu videoları silir”.
“Məhz bunları nəzərə alaraq, "Youtube"nin bağlanması düzgün olmaz. Əksinə bu gün istənilən insan başqa kanallar vasitəsi ilə istədiyi məlumatı və videonu tapa bilər. Ondansa gənclərə və yeniyetmələrə düzgün istiqamət verərək doğru tərbiyə etmək lazımdır ki, onlar internetdən düzgün istifadə etsinlər. Biz gəncləri açıq fikirli böyütməliyik ki, onlar hislərinin qurbanı yox, ağılları ilə hərəkət edə bilsinlər. Onlara nələrisə qadağan etmək yox, düzgün tərbiyə etməliyik" — ekspert qeyd edib.