Bakının 14 kilometrliyində nə baş verir - Rəsmi açıqlama

Körpünün üzlüyü dəyişdirildiyi üçün yolun bir hissəsi bağlanıb
Sputnik

BAKI, 20 fevral — Sputnik. Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunun 14-cü kilometrliyində tıxac yaşanıb. Sputnik Azərbaycan əməkdaşının verdiyi məlumata görə, buna səbəb ərazidəki körpünün altında yolun bağlanması olub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, hazırda körpünün üzlükləri dəyişdirildiyi üçün yolun həmin hissəsi bağlıdır: "Yol bütünlüklə bağlanmayıb. Sadəcə olaraq körpünün üzlüyü dəyişdirildiyi üçün yolun bir hissəsi bağlanıb".

Nəcəflinin dediyinə görə, körpünün altından keçən yol bağlı olduğu üçün Sumqayıt istiqamətinə gedən avtomobillər körpünün üst hissəsindən keçməli olur və bu da sıxlıq yaradır: "Təmir işləri sabah yekunlaşacaq".