TƏHLİL

İsrailin müdafiə nazirinə sui-qəsddə "erməni izi"

General-leytenant Çingiz Məmmədov: "Ermənistanın kriminal rejimi sui-qəsdlər və terror aktlarından öz məqsədlərinə nail olmaq üçün daim istifadə edir"
Sputnik

BAKI, 19 fevral — Sputnik. "İsrail — Azərbaycan münasibətlərinin, xüsusilə də hərbi sahədə əməkdaşlığının inkişafı erməni tərəfinin daim ciddi narahatlığı ilə qarşılanıb. Elə bu yaxınlarda Ermənistan parlamentinin nümayəndə heyətinin İsrailə səfəri zamanı məhz Aviqdor Libermanın Azərbaycanı açıq-aydın dəstəkləməsi barədə verdiyi bəyanatlar da erməni deputatlarını son dərəcə məyus edib".

"Azərbaycan və İsrail qeyri-sabit regionda sabitliyin mayaklarıdır"

Sputnik Azərbaycan xəbər verir ki, İsrailin müdafiə naziri Aviqdor Libermana sui-qəsdə cəhd barədə yayılan məlumatları şərh edərkən Azərbaycan müdafiə nazirinin sabiq müavini, istefada olan general-leytenant Çingiz Məmmədov belə deyib. O bildirib ki, burada erməni izinin olması istisna deyil.

"Onu da xüsusi qeyd etmək lazımdır ki, erməni nümayəndə heyətinin İsrailə nəticəsiz, iflasa uğramış səfərindən dərhal sonra sui-qəsdin baş verməsi onun hələ səfəröncəsi planlaşdırıldığını ehtimal etməyə əsas verir. Ermənistanın kriminal rejimi beynəlxalq terror təşkilatları, o cümlədən anti-İsrail qüvvələri ilə sıx və qarşılıqlı əlaqədə sui-qəsdlər və terror aktlarından məqsədlərinə nail olmaq üçün daim istifadə edir. Bildiyimiz kimi, bu üsuldan istifadə, hətta bir çox erməni təşkilatlarının nizamnamələrində də öz əksini tapıb", — Ç.Məmmədov vurğulayıb.

General-leytenantın sözlərinə görə, dünyanın müxtəlif ölkələrində, məsələn, Parisdə, Moskvada, İstanbulda və bir çox digər yerlərdə törədilən terror aktlarında və sui-qəsdlərdə ermənilərin birbaşa iştirakı öz təsdiqini tapıb: "Heç şübhəsiz ki, bu terror aktında da ermənilərin bilavasitə əli olması istisna deyil. Bu fikri təsdiq edən faktlardan biri də Ermənistanın israrlı cəhdlərinə baxmayaraq, İsrail parlamentinin qondarma "erməni soyqırımını" qəbul etməməsidir".