CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İcra başçısı: “Sakinlərin nə qədər kirayə qalacağı prosesdən asılıdır...”

Bu gündən kirayə haqları verilməyə başlanılıb. İlkin mərhələdə 67 nəfər kirayə pulu alacaq
Sputnik

BAKI, 19 fevral — Sputnik. Xəbər verdiyimiz kimi, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Səbail rayonu 163 №-li orta məktəbdə Bayılda yaranmış sürüşmə təhlükəsi ilə əlaqədar Cənub Dərə yaşayış sahəsindən müvəqqəti köçürülən vətəndaşlarla görüş keçirib. Bu barədə Sputnik Azərbaycan-a Səbail Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov məlumat verib.

Bayılda viran qalan evlərin sakinləri ilə bağlı yeni xəbər

Onun sözlərinə görə, icra başçısı sakinlərə ərazidəki son vəziyyətlə bağlı məlumat verib. E.Əzizov sakinlərin hansı müddətdə kirayədə yaşayacaqlarının da mütəxəssis rəyindən sonra bilinəcəyini açıqlayıb.

"Bu gündən kirayə haqları verilməyə başlanılıb. İlkin mərhələdə 67 nəfər kirayə pulu alacaq. Birdəfəlik kompensasiya məsələsinə isə baxılır. Sakinlərin nə qədər kirayədə qalması prosesdən asılıdır" – deyə Əzizov görüş zamanı bildirib.

O qeyd edib ki, alimlər işləyir, onlar araşdırma aparandan sonra hansı evin təhlükəli zonada yerləşdiyi məlum olsa, ona kompensasiya veriləcək. Hansı ev zonadan kənarda qalsa, sakinlərə həmin evə qayıdıb yaşamağa icazə verilsə, onlar geri qayıdacaq.

"Sürüşmə ərazisindəki evlərin 98 %-i heç bir sənədi və qeydiyyatı olmayan qanunsuz tikililərdir. Lakin buna baxmayaraq, dövlət hər kəsə bərabər münasibət göstərir. Onların problemlərinin həlli üçün müvafiq tədbirlər görüləcək", – deyə Əzizov bildirib.

“Bayıl sürüşmə zonasında aktivlik başlaya bilər”

Daha sonra Eldar Əzizov son günlərdə yamacda baş verən prosseslər, yerli və xarici mütəxəssislər tərəfindən aparılan araşdırmaların vəziyyəti, mövcud şəraitdən çıxış yolları, burada görülən və görülməsi nəzərdə tutulan tədbirlər, narahatedici amillər barədə ətraflı məlumat verib. Qeyd edib ki, sürüşmə təhlükəsi ilə bağlı ərazidən 93 fərdi evdə yaşayan sakinlər köçürülüb: "Onlarin bir qismi öz qohumlarının evlərinə sığınsa da, digərləri 163 №-li orta məktəbdə yadılmış müvəqqəti sığınacaqda yerləşdiriliblər. Fevralın 10-da həmin ərazidə 4 yaşayış evi tam, 2-si isə qismən dağılıb. Görülmüş qabaqlayıcı tədbirlər nəticəsində xəsarət alan olmayıb. RİH tərəfindən ayrılmış nəqliyyat və işçi qüvvəsinin köməyi ilə vətəndaşların əmlakı çıxarılaraq başqa yerlərə daşınıb. Ərazidən köçürülən sakinlərin əmlakının qorunması üçün burada postlar gücləndirilib. RİH tərəfindən 163 №-li məktəbdə yaradılan sığınacaqda vətəndaşlar üçün hər cür şərait yaradılıb”.

E.Əzizovun sözlərinə görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə Bayıl yamacında sürüşmə təhlükəsi ilə bağlı ərazidən köçürülən 98 ailəyə 11 ay ərzində müvəqqəti yerləşdiyi mənzillər üçün kirayə haqqının ödənilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin Ehtiyyat fondundan Səbail Rayon İcra Hakimiyyətinə vəsait ayrılıb, vəsaitin bank vasitəsi ilə həmin ailələrə ödənilməsinin təmin olunması RİH-nə tapşırılıb.