Azər Allahverənov: “Azərbaycan cəlbedici ölkəyə çevrilib”
“2017-ci il Azərbaycanda miqrasiya proseslərinin dinamik və effektiv idarə olunduğu dövr kimi xarakterizə olunur”. Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində təşkil edilmiş tədbirdə Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın və “Həyat” Humanitar Dəstək İctimai Birliyinin sədri Azər Allahverənov deyib.
“Azərbaycan təyinat ölkəsi olaraq çoxsaylı miqrantların gəldiyi bir məkandır. Ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlik, dinamik iqtisadi inkişaf, ölkəmizin bir sıra regional layihələrdə iştirak etməsi onu miqrantlar üçün cəlbedici ölkəyə çevirib. Statistik rəqəmlər də bunu deməyə əsas verir. 2016-cı il ərzində ölkədə qalma müddətinə müvafiq olaraq 672.337 nəfər əcnəbi olduğu yer üzrə qeydiyyata alınıb. 2017-ci ildə isə bu rəqəm 794 mindən çox olub. Bu, təxminən 18 faizlik artım deməkdir. Bununla yanaşı, Azərbaycanda qanunsuz miqrantların sayında azalma müşahidə olunur”, — deyə o bildirib.