BMT baş katibi ümidsiz şəkildə dünyaya səsləndi

Antonio Quterres Şimali Koreya — ABŞ gərginliyinin dünya üçün çox ciddi təhlükə yaratdığını bildirib
Sputnik

BAKI, 18 fevral — Sputnik. Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterres (Guterres), Suriyanın parçalanma riskinin olduğunu deyib. Bu barədə Sputnik Türkiyə məlumat verir.

54-cüsü keçirilən Beynəlxalq Münhen Təhlükəsizlik Konfransında danışan Quterres bildirib ki, Yaxın Şərq artıq bataqlığa çevrilib.

"Mən bütün dünyanı artan böhranlar, qarşıdurmalar və qlobal terror təhdidləri qarşısında birliyə çağırıram. Gün keçdikcə çoxalan münaqişələr beynəlxalq humanitar və insan hüquqlarını kobud şəkildə pozmaqdadır. Yaxın Şərq regionunu xüsusilə qeyd etmək istərdim. O bölgə əsl bataqlığı xatırladır. Yaxın Şərqdəki bütün münaqişələr bir-birləri ilə əlaqəlidir. Səudiyyə Ərəbistanı-İran gərginliyi, Körfəzdəki krizis, İsrail-Fələstin münaqişəsi davam edir. Adını çəkdiyim sonuncu münaqişə ümumiyyətlə dalana dirənib. Sülh prosesinə ümidlər azalıb" — baş katib vurğulayıb.

Antonio Quterres Şimali Koreya — ABŞ gərginliyinin də dünya üçün çox ciddi təhlükə yaratdığını bildirib.