RUSİYA

Üç yaşlı azərbaycanlının ölümü ilə bağlı istintaq nəzarətə götürülüb

Rusiya İstintaq Komitəsinin sədri 3 yaşlı azərbaycanlı qızın ölümü ilə bağlı istintaqı şəxsi nəzarətinə götürüb
Sputnik

BAKI, 18 fevral — Sputnik. Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Moskvada uşaq bağçasında donaraq ölən üç yaşlı azərbaycanlı qızın cinayət işininin istintaqını şəxsi nəzarətinə götürüb. APA-nın verdiyi xəbərə görə, bu barədə Rusiya İstintiq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda Yeni Moskvada yerləşən uşaq bağçasında 3 yaşlı Zəhra Rzayevanın ölməsi ilə bağlı Rusiya İstintaq Komitəsinin Moskva şəhəri üzrə baş İstintaq İdarəsində Cinayət Məcəlləsinin 109.2-ci (Şəxsin peşə öhdəliklərini səhlənkar yerinə yetirməsi nəticəsində ehtiyatsızlıqdan ölümə səbəb olma) və 293-cü maddəsi (Səhlənkarlıq) ilə cinayət işi açılıb, araşdırma aparıldığı bildirilib. İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin məlum cinayət işlərinin istintaqını şəxsi nəzarətinə götürdüyü də qeyd olunub. A. Bastrıkin ona istintaqın gedişatı barədə operativ rejimdə məruzə olunmağı tapşırıb. İstintaq Komitəsinin sədri Zəhra Rzayevanın  uzun müddət küçədə böyüklərin nəzarəti olmadan qalması barədə məlumatın diqqətli şəkildə yoxlanılmasının, baş vermiş faciənin bütün səbəblərinin müəyyən olunmasını, günahkarların məsuliyyətə cəlb olunmasının vacibliyini vurğulayıb: "Faciə ilə nəticələnən, uşağın olümünə səbəb olan bu fakt laqeydlilik, qeyri-insanlıq və diqqətsizlikdir".

Qeyd edək ki, hadisə fevarlın 16-da Yeni Moskva adlanan ərazidə yerləşən 2120 saylı uşaq bağçasında baş verib. Bağça tərbiyəçiləri azyaşlıları səhər gəzintisinə çıxarıblar. Daha sonra körpələr səhər yeməyi üçün bağçaya gətirilib. Bir müddət sonra isə tərbiyəçilər qrupda qız uşaqlarından birinin, azərbaycanlı, 2014-ci il təvəllüdlü Zəhra Rzayevanın olmadığını müəyyən ediblər. Onu əvvəlcə bağçanın binasında axtarmağa başlayıblar. Daha sonra isə tərbiyəçilər onu bağçanın həyətində qarın üzərində huşsuz vəziyyətdə aşkar ediblər. Zəhra tərbiyəçilərin səhlənkarlığı ucbatından çöldə qalaraq donub və həyatını itirib.