CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda daha bir yol yenidən qurulur

Yenidənqurma layihəsinə uyğun olaraq yol eni 6-7 metrdən 12 metrə qədər genişləndirilir
Sputnik

BAKI, 17 fevral — Sputnik. Maştağa-Nardaran avtomobil yolu yenidən qurulur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, yenidən qurulan yolun uzunluğu 8,3 km təşkil edir.

“Yenidənqurma layihəsinə uyğun olaraq yol eni 6-7 metrdən 12 metrə qədər genişləndirilir. Yol boyu ərazidən asılı olaraq müxtəlif ölçülərə malik yeni piyada səkiləri inşa edilir, kənarlarına isə səki daşları düzülür.

Genişləndirmə işləri zamanı yolun yararsız qruntu qazılaraq çıxarılır, əks dolğu aparılmaqla yeni yol yatağı, həmçinin yol əsası inşa edilir. Yol boyu köhnə yeraltı kommunikasiya xətləri kənarlaşdırılır. Yolun hərəkət hissəsi hazır olan hissələrə 2 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri də aparılır. Ümumilikdə, yolun hərəkət hissəsinin eni genişlənmədən sonra ortalama 12 metr nəzərə alınmaqla 100 min kv.m sahəyə yüksək keyfiyyətli asfalt örtük salınacaq”, — məlumatda qeyd olunub.

Bildirilib ki, texnoloji ardıcıllıqla və tərtib olunmuş qrafiklə aparılan tikinti işləri yekunlaşdıqdan sonra yol boyu zəruri yol nişanlarının və məlumatverici lövhələrin quraşdırlması, piyada zolaqlarının, yolcizgi və yolgöstərici xətlərin çəkilişi işləri aparılacaq.

“Maştağa-Nardaran avtomobil yolunun yenidən qurulması 3 qəsəbənin 60 mindən çox əhalisinin rahat gediş-gəlişini təmin etməklə onların Maştağa-Buzovna və Bilgəh-Pirşağı avtomobil yollarına rahat çıxış əldə etməsinə imkan yaradacaq.

Tikinti-quruculuq işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında mövcud tikinti norma və qaydalarına uyğun yüksək keyfiyyətlə və sürətlə aparılır. Bunun üçün ərazidə lazımi sayda qüvvə toplanıb”.

Qeyd edək ki, Bakı şəhərində avtomobil yollarının yenidən qurulması və reabilitasiyası istiqamətində həyata keçirilən işlərin davamı olaraq cari ildə Sabunçu rayonunda ümumi uzunluqları 18,7 km olan daha 3 qəsəbələrarası avtomobil yolunun yenidən qurulması nəzərdə tutulub.