CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Süni yumurta iddiası yalan çıxdı

Qaynadılarkən yarandığı iddia edilən plasmasabənzər maddənin isə yumurtaya heç bir aidiyyatı olmayıb
Sputnik

BAKI, 16 fevral — Sputnik. Bakı şəhər sakini mağazadan aldığı və yerli istehsal olan yumurtanı qaynatdıqdan sonra plastmasabənzər maddənin yarandığı barədə İqtisadiyyat Nazirliyinə müraciət edib. Bu barədə Sputnik Azərbaycan-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bununla bağlı qurumun İstehlak Mallarının Ekspertizası Mərkəzi yumurtanın alındığı mağazadan nümunələr və qaynadılarkən plastmasabənzər maddənin yarandığı bildirilən yumurtaların qalan hissəsi götürülərək laborator müayinə aparılıb. Müayinə nəticəsində yumurtaların keyfiyyətində heç bir nöqsan aşkar edilməyib, keyfiyyət və təhlükəsizlik göstəricilərinin normalara tam uyğun olduğu müəyyən edilib. Qaynadılarkən yarandığı iddia edilən plasmasabənzər maddənin isə yumurtaya heç bir aidiyyatı olmayıb.

Qeyd edək ki, ötən illərdə də vətəndaş müraciətləri və monitorinqlər əsasında istehlak bazarından götürülmüş nümunələr üzrə aparılmış laborator müayinələr zamanı yumurtanın keyfiyyəti ilə bağlı heç bir nöqsan aşkar olunmayıb.

Xatırladaq ki, fevralın 13-də sosial şəbəkələrdə bir video yayılıb. Videoda xanım həyat yoldaşının mağazadan yumurta aldığını və qaynayan zaman plastik kütləyə çevrildiyini iddia edirdi.