CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Direktorların rüşvət mənbəyi bağlanır: I sinfə qəbul elektronlaşdırılacaq

Birinci siniflərdə summativ qiymətləndirilmə ümumiyyətlə ləğv edilə bilər
Sputnik

BAKI, 16 fevral — Sputnik. "2018/2019-cu dərs ilində elektron sistem vasitəsilə I sinfə şagird qəbulunun əhatə dairəsinin genişləndirilməsi bir sıra neqativ halların qarşısını əsaslı şəkildə alacaq, eləcə də valideynlərin işini xeyli asanlaşdıracaq". Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev məlumat verib.

O bildirib ki, bəzən Azərbaycanın böyük şəhərlərində bir məktəb boş qalır, digərində isə şagird sıxlığı müşahidə olunur. Bu səbəbdən bütün ölkə üzrə bu sistem tədricən tətbiq olunacaq: "Biz bu il bir neçə şəhərdə pilot layihə formasında həyata keçirəcəyik. Əgər uğurlu olsa, elektron sistemi ölkə üzrə həyata keçirmək niyyətindəyik".

Azərbaycanda məktəb direktoru intihara cəhd etdi

Əmrullayev vurğulayıb ki, bütün uşaqlar bu sistem vasitəsilə məktəbə qəbul olunduğu halda Təhsil Nazirliyində vahid məlumat bazası da yaradılacaq: "Bu da imkan verəcək ki, idarəetmə ilə bağlı düzgün və çevik qərarlar verilsin".

Şöbə müdiri həmçinin qeyd edib ki, orta ümumtəhsil müəssisələri üçün yeni kurikulum layihəsi hazırlanaraq ictimai müzakirəyə təqdim olunub: "Hazırda işlər son mərhələdədir. Yəqin ki, yaxın gələcəkdə biz bunu təsdiqlənməsi üçün Nazirlər Kabinetinə təqdim edəcəyik. Əvvəlki ilə müqayisədə bu layihədə əsaslı və ciddi dəyişikliklər edilməyib. Yeni layihədə də fənlərin sayı, fənlərin saatlarının sayı dəyişdirilməyib. Sadəcə olaraq dəyərlər sistemi, kompitensiyalar dəyişib".

Qeyd edək ki, növbəti tədris ilində Bakı ilə yanaşı, Gəncə, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun, eləcə də Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində elektron sistem vasitəsilə I sinfə şagird qəbulu olacaq.

Şöbə müdiri 2018-2019-cu tədris ilindən orta məktəblərdə summativ qiymətləndirmə ilə bağlı hazırlanan sənəd layihəsində yer alan yenilikləri açıqlayıb.

O bildirib ki, dəyişikliklərin edilməsində məqsəd şagirdlərin dərs və imtahan yükünü azaltmaqdır. Şöbə müdirinin sözlərinə görə, məktəbdə şagirdlər kifayət qədər çox imtahan verirlər. Bütün kənd məktəblərində bunu həyata keçirmək mümkünsüzdür.

"Şagirdlərin psixoloji gərginlik yaşaması da düzgün deyil. Birinci sinifdə təhsil alan şagirdlər məktəbə gəlib çatmamış onları imtahan edirik. Bunu nəzərə alaraq summativ qiymətləndirmənin sayının əsaslı şəkildə azaltmağa çalışırıq" – deyə Əmrullayev bildirib.

Azərbaycanda məktəb direktoru həbsxanada öldü

Nazirlik rəsmisi həmçinin qeyd edib ki, gün ərzində 3-dən çox summativ olmamalıdır: "Eyni zamanda başqa mübahisəli məsələlərdən biri summativlərin müddəti idi. Bəzi müəllimlər bunu 30, bəziləri isə 45 dəqiqə müddətində edirdi. İndi isə kiçik summativ qiymətləndirilmənin (KSQ) keçirilmə müddətinin 45 dəqiqə olması təklif olunub".

E.Əmrullayev əlavə edib ki, yeni layihədə summativlərdə şagirdlərin biliyinin balla qiymətləndirilməsi təklif edilir: "Məsələn, şagird KSQ-dən 74 bal (4 qiyməti) toplayıb. Lakin yarım illik qiymət hesablandıqda KSQ-lərdən əldə edilən ballar toplanacaq. Balla hesablama həm mübahisə yaratmayacaq, həm də şagirdlərdə oxumağa həvəs yaradacaq. Şagirdlər üçün bal şkalası da aşağı salınıb. Misal olaraq, şagird 3 qiyməti almaq üçün 40 bal toplamalı idisə, indi onu 30 bala salmışıq".

O əlavə edib ki, layihə hazırda aidiyyəti dövlət qurumları ilə razılaşdırma mərhələsindədir: "Dövlət İmtahan Mərkəzi artıq bununla bağlı rəyini təqdim edib və dəstəkləyib".

Qeyd edək ki, 2018-2019-cu tədris ilindən orta məktəblərdə summativ qiymətləndirmə ilə bağlı dəyişikliklər edilə, 1-ci siniflərdə isə summativ qiymətləndirilmə ümumiyyətlə ləğv edilə bilər.